Şəkidə 28 May-Müstəqillik Gününə həsr olunan konsert proqramı keçirilib
Mayın 25-də Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbi və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə 28 May – Müstəqillik Gününə həsr olunan konsert proqramı keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə 2 nömrəli Uşaq musiqi məktəbinin direktor v.i.e Aynurə Soltanova və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək 28 May- Müstəqillik Gününün əhəmiyyətindən, gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyindən və bu cür birgə layihələrin mədəni mühitin inkişafına verdiyi töhfələrdən söz açıblar. Onlar tədbirin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatçılara və iştirakçılara təşəkkür ediblər.

Şəki Dövlət Dram Teatrında keçirilən konsertdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Kamera və xalq çalğı alətləri orkestrləri, fortepiano, orkestr, xoreoqrafiya şöbələrinin şagirdləri, həmçinin 2 nömrəli Uşaq musiqi məktəbinin uşaq xor kollektivi çıxış edib. Eyni zamanda, hər iki orkestrin tərkibində Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri də yer alaraq, vahid orkestr heyəti kimi səhnəyə çıxıblar.

Tədbir çərçivəsində təqdim edilən musiqi nömrələri və rəqs kompozisiyaları tamaşaçılar maraqla qarşılayıb, milli musiqi irsi ilə müasir ifaçılıq ənənələrinin vəhdəti nümayiş olunub.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəsəfə doktoru, dosent Minaxanım Babayeva çıxışında bu kimi tədbirlərin milli musiqi irsinin qorunması, gənc ifaçıların vətənpərvərlik ruhunda formalaşması və Azərbaycan musiqisinə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

17:41 25.05.2026
Oxunuş sayı: 56