Koroğlu körpüsündəki aralanma təhlükəlidirmi? – memardan açıqlama
Bakının ən hərəkətli nəqliyyat qovşaqlarından biri olan Koroğlu körpüsündə beton konstruksiyada yaranan aralanma və çat görüntüləri sürücülər arasında ciddi narahatlıq doğurub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə körpünün müəyyən hissəsində beton qatın ayrıldığı və təhlükəli vəziyyətin yarandığı iddia olunub.
Hadisə qısa müddətdə ictimai müzakirəyə çevrilərək, paytaxtın əsas yol infrastrukturlarından birinin texniki vəziyyəti ilə bağlı sualları artırıb.
Məsələ ilə bağlı aidiyyəti qurumların əraziyə baxış keçirdiyi və təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyü bildirilir.
Hazırda körpü üzərində hərəkətin nəzarətdə saxlanıldığı qeyd olunsa da, hadisə Bakıdakı iri yolötürücü və körpülərin mütəmadi texniki monitorinqinin vacibliyini bir daha gündəmə gətirib.
Məsələ ilə bağlı memar Cahid Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Körpü konstruksiyalarında belə hallar ümumilikdə mövcuddur. Belə ki, isti və soyuq mövsümlərdə temperatur fərqlərinə görə konstruksiyalarda genişlənmə və daralma prosesi baş verir. Bu da müəyyən hissələrin aralanması və sonradan yenidən birləşməsi ilə müşahidə oluna bilər.
Lakin qeyd olunan konkret ərazi ilə bağlı dəqiq texniki məlumatım olmadığı üçün bunun standart konstruktiv prosesdən qaynaqlandığını, yoxsa başqa səbəbdən yarandığını qəti şəkildə söyləmək doğru olmaz.
Adətən belə hallarda yaranan boşluqlar xüsusi məhlullarla doldurulur və konstruksiya sonrakı mərhələdə öz normal vəziyyətini bərpa edir".
Elmir Heydərli
17:15 25.05.2026
Oxunuş sayı: 54