Sentyabrda Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
Bu il sentyabrın 25-26-da Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
"Bizim yanaşmamız təkcə beynəlxalq platformalarda iştirakla məhdudlaşmır. Ötən il özümüz qlobal bir platforma yaradaraq növbəti mərhələyə qədəm qoyduq. Ötən ilin sentyabrında birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təşkil etdik. Bu il həmin platformanın ikinci buraxılışını keçirməyi planlaşdırırıq. Hesab edirəm ki, bu forum Azərbaycana çox nüfuzlu adları gətirmək üçün getdikcə daha qlobal bir platformaya çevrilir. Bu il isə tədbiri sentyabrın 25-26-da keçirməyi planlaşdırırıq", - o vurğulayıb.
Onun sözlərinə görə, ağıllı və dayanıqlı şəhərsalma idarəçiliyi ortaq bir məsuliyyətdir: "Hökumətlər bu istiqamətdə baxışı və lazımi mühiti yaradır, investorlar kapital və təcrübə gətirir, bizneslər həll yolları təqdim edir, beynəlxalq platformalar isə bütün bu aktorları birləşdirməyə kömək edir".
11:20 20.05.2026
Oxunuş sayı: 55