Azərbaycanda yük və sərnişin daşımalarında icazə sistemi elektronlaşdırılır
"Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"də dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, beynəlxalq avtomobil daşımalarında istifadə olunan "İcazə" blanklarının növləri genişləndirilib.
Yeni dəyişikliklərlə ikitərəfli, tranzit və üçüncü ölkələrə yük daşımaları, eləcə də beynəlxalq qeyri-müntəzəm sərnişin daşımaları üzrə müxtəlif növ "İcazə" blankları müəyyənləşdirilib.
Bundan başqa, "AYNA" informasiya sistemi ilə elektron məlumat mübadiləsi aparan ölkələrlə "İcazə" blanklarının mübadiləsi yalnız elektron qaydada həyata keçiriləcək. Digər ölkələrlə isə mübadilə kağız daşıyıcı üzərində davam etdiriləcək.
Qərarda qeyd olunub ki, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli "İcazə" blanklarının əldə olunması və verilməsi də yalnız elektron formada aparılacaq.
Dəyişikliklərə əsasən, elektron qaydada verilən "İcazə" blanklarında ölkə məlumatları, nəqliyyat vasitəsinin qeydiyyat nişanı, operatorun adı, daşınmanın başlanğıc və təyinat ölkələri, etibarlılıq müddəti və digər məlumatlar əks olunacaq.
Eyni zamanda, Beynəlxalq Nəqliyyat Forumunun elektron çoxtərəfli "İcazə" blanklarında nəqliyyat vasitəsinin ekoloji sinfi, yükün çəkisi, marşrut məlumatları, yürüş göstəricisi və məhdudiyyət tətbiq olunan ölkələr barədə məlumatların yer alacağı bildirilib.
13:30 19.05.2026
Oxunuş sayı: 55