FHN-də kursantlar üçün interaktiv maarifləndirici görüş təşkil olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında növbəti maarifləndirici tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Akademiyanın rəisi Baba Salayev çıxış edərək nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas istiqamətlərindən biri olduğunu, belə görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında və operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayacağını vurğulayıb.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov qeyd edib ki, ölkəmizin daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, habelə çimərliklərdə, dənizkənarı kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin etibarlı təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. O, bu il xidmət tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı həyata keçirilmiş zəruri təhlükəsizlik tədbirlərindən danışıb.
Tədbirdə kiçikhəcmli gəmilərin istismarı və su obyektlərində təhlükəsizlik sahəsində peşəkar kadr hazırlığının vacibliyi qeyd olunub, kursantlara bu sahədə müasir yanaşmalar və təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
12:44 19.05.2026
Oxunuş sayı: 53