Gömrükdə YENİ QAYDA: Hədiyyə alan əməkdaş dərhal “hesabat” verməlidir
Dövlət Gömrük Komitəsinin Kollegiyası "Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"ndə dəyişiklik edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı komitənin sədri Şahin Bağırov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə o, bu barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) məlumat verməlidir. İndiyə qədər gömrük işçisi "bilavasitə rəhbərinə" məlumat verirdi.
Gömrük əməkdaşı təkcə maddi və sair nemətləri barədə deyil, həmçininona verilən imtiyazlar və ya güzəştləri gömrük orqanına akt üzrə təhvil verməlidir.
Həmçinin gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyini öyrənməlidir.
13:33 18.05.2026
Oxunuş sayı: 43