Azərbaycan ilə Türkiyə arasında iqtisadi perspektivlər müzakirə olunub
Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir.
Crossmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, səfər Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Səfər proqramı çərçivəsində İğdır valisi Mustafa Fırat Taşolar ilə görüş keçirilib.
Görüş zamanı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi inkişafına verəcəyi töhfələrdən də bəhs edilib.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti Qars şəhərində də bir sıra görüşlər keçirib. Qars valisi Ziya Polat və Qars Bələdiyyə Sədri Ötüken Senger ilə keçirilən görüşlərdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Daha sonra Qars Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Kadir Bozan və Qarsda fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Görüş zamanı Naxçıvanda sahibkarlara təqdim olunan vergi, gömrük və sosial sığorta güzəştləri, Naxçıvanın ixrac imkanları və birgə əməkdaşlıq perspektivləri barədə məlumat verilib.
Səfər proqramına uyğun olaraq növbəti görüş və tədbirlər İstanbul ilə İzmir şəhərlərində keçiriləcək.
20:56 14.05.2026
Oxunuş sayı: 38