WUF13 öncəsi Bakı nəqliyyatı xüsusi rejimə keçir
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13 yaxınlaşdıqca ölkənin nəqliyyat sistemi də xüsusi hazırlıq mərhələsinə daxil olub.
Son həftələr ərzində paytaxtın əsas nəqliyyat arteriyalarında hərəkətin tənzimlənməsi, ictimai nəqliyyatın gücləndirilməsi və beynəlxalq qonaqların rahat daşınmasının təmin olunması istiqamətində genişmiqyaslı işlər görülür.
Xüsusilə, hava limanı-şəhər mərkəzi marşrutları, forumun keçiriləcəyi ərazilərə çıxış yolları və xüsusi nəqliyyat zolaqları üzrə hazırlıq işləri diqqət mərkəzində saxlanılır. Bu proses Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin daha da möhkəmləndiyini göstərir.
Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, yeni avtobusların xəttə cəlb olunması və nəqliyyat axınının operativ koordinasiyası forum günlərində Bakının hərəkət yükünü minimum problemlə idarə etməyə hesablanıb.
Aidiyyəti qurumlar hesab edir ki, WUF13 təkcə şəhərsalma deyil, həm də Azərbaycanın müasir nəqliyyat və logistika imkanlarını nümayiş etdirən mühüm platformaya çevriləcək.
Görülən hazırlıq işləri onu göstərir ki, paytaxt beynəlxalq iştirakçıları yüksək səviyyədə qarşılamaq üçün intensiv və koordinasiyalı fəaliyyət mərhələsindədir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Rauf Ağamirzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Belə beynəlxalq tədbirlər zamanı müəyyən nəqliyyat məhdudiyyətlərinin tətbiqi artıq adi təcrübə hesab olunur. Bildirilib ki, forum çərçivəsində paytaxtda ayrılmış xüsusi nəqliyyat zolaqlarından istifadə ediləcək. Ümumilikdə 114.5 kilometrlik avtobus zolaqları fəaliyyət göstərəcək, əlavə xüsusi avtobuslar isə xəttə buraxılacaq.
Həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Olimpiya Stadionu və qonaqların yerləşəcəyi hotellər arasında nəqliyyat əlaqəsi vahid idarəetmə sistemi vasitəsilə koordinasiya olunacaq.
Ümumilikdə bu cür hazırlıq prosesi Bakı üçün yeni təcrübə deyil. Paytaxtımız daha əvvəl də bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və bu istiqamətdə kifayət qədər təşkilati təcrübə formalaşdırıb.
Xüsusilə, son üç ildə ayrılmış avtobus zolaqlarının yaradılması nəqliyyatın idarə olunmasını daha çevik və rahat hala gətirib.
Bütün bunlar göstərir ki, əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, bu forumun da yüksək səviyyədə təşkil olunacağı gözlənilir".
Elmir Heydərli
11:45 13.05.2026
Oxunuş sayı: 110