Azərbaycanda heyvan sığınacaqları niyə yetərli deyil?
Küçə heyvanları problemi bu gün yalnız heyvanların qorunması deyil, həm də cəmiyyətin humanistliyi və şəhər idarəçiliyinin göstəricisi hesab olunur.
Bir çox ölkələrdə, xüsusilə Türkiyədə küçə heyvanları üçün sığınacaqlar yaradılır, onların müalicəsi, qidalanması və sterilizasiyası təmin edilir.
Azərbaycanda isə bu sahənin yetərincə inkişaf etməməsi uzun illər problemin sistemli şəkildə həll olunmaması ilə bağlıdır. Halbuki, heyvan sığınacaqları həm küçə heyvanlarının qorunmasına, həm də şəhərlərdə təhlükəsizlik və sanitariya problemlərinin azalmasına kömək edə bilər.
Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlama verib:

“Küçə heyvanları ilə bağlı sığınacaq məsələsi bu gün artıq təkcə heyvanların qorunması deyil, həm də cəmiyyətin sosial və mədəni inkişaf göstəricilərindən biri hesab olunur.
Azərbaycanda bu sahənin geniş şəkildə inkişaf etməməsinin əsas səbəblərindən biri uzun illər problemin sistemli sosial məsələ kimi qəbul edilməməsidir. Cəmiyyətdə küçə heyvanlarına münasibət birmənalı deyil. Bir tərəfdən insanlar heyvanlara qarşı mərhəmət hissi nümayiş etdirir, digər tərəfdən isə təhlükəsizlik və sanitariya baxımından narahatlıqlar mövcuddur.
Bu səbəbdən məsələ emosional müzakirədən çıxaraq peşəkar sosial idarəetmə səviyyəsində həll olunmalıdır. Heyvan sığınacaqlarının yaradılması zəruridir. Çünki belə mərkəzlər küçə heyvanlarının sayının nəzarətdə saxlanmasına, onların peyvənd və sterilizasiya olunmasına, müxtəlif xəstəliklərin yayılma riskinin azalmasına imkan yaradır.
Eyni zamanda, bu, şəhər mühitində təhlükəsizlik və gigiyena baxımından da mühüm rol oynayır. Cəmiyyətin zəif və müdafiəyə ehtiyacı olan canlılara münasibəti onun humanist inkişaf səviyyəsini göstərən əsas meyarlardan biridir. İnkişaf etmiş ölkələrdə heyvan rifahı artıq sosial siyasətin və şəhər idarəçiliyinin vacib istiqamətlərindən biri hesab olunur”.
Sosioloq əlavə edib ki, Azərbaycanda da dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları birgə fəaliyyət göstərərsə, mərhələli şəkildə müasir heyvan sığınacaqları formalaşdırmaq mümkündür:
“Bu həm insanların təhlükəsizliyi, həm də daha sağlam və humanist şəhər mühitinin yaranması baxımından vacib addım olar”.
Ayhan
13:25 11.05.2026
Oxunuş sayı: 77