Azərbaycan mediasının inkişafında İlham Əliyevin rolu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynadığı kimi, medianın tərəqqisinə də böyük töhfələr verir. Onun rəhbərliyi ilə Azərbaycan mediası müasir dövrün çağırışlarına cavab verərək sürətli inkişaf yolu keçir. Bugünkü Azərbaycan mediası beynəlxalq informasiya məkanında özünəməxsus yer tutaraq, müstəqil və güclü bir platformaya çevrilib. Medianın bu səviyyəyə çatması, dövlətin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının nəticəsidir. Azərbaycanda söz azadlığının təmin edilməsi, demokratiyanın gücləndirilməsi və vətəndaş hüquqlarının qorunması medianın inkişafına güclü zəmin yaratmışdır.
Media azadlığı və hüquqi islahatlar
Prezident İlham Əliyev media azadlığını təmin etmək üçün hüquqi bazanın inkişafına xüsusi diqqət yetirib və islahatlar həyata keçirib. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirib. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” qanun müasir texnologiyaların tətbiqi ilə medianın fəaliyyətini daha çevik və müasir hala gətirilib.
Medianın maddi-texniki bazasının gücləndirilməsi
Prezident İlham Əliyev medianın maddi-texniki imkanlarının artırılması üçün dəstək proqramları həyata keçirmişdir. Jurnalistlərin fəaliyyətlərinə verilən dəstəkdən əlavə onların sosial rifahının da yüksək səviyyədə təmin edilməsi üçün - 2009-cu ildə jurnalistlər üçün ilk yaşayış binası, 2017-ci ildə isə ikinci bina dövlət dəstəyi ilə istifadəyə verilmişdir.
Bu mənzillər jurnalistlərin sosial rifahını artıraraq onların fəaliyyətində sabitlik yaratmışdır.
Media sahəsində kadr potensialının gücləndirilməsi
Jurnalistlərin mükafatlandırılması və təltif edilməsi ənənə halını almışdır. “Əməkdar jurnalist” fəxri adları və digər mükafatlarla jurnalistlər peşə fəaliyyətlərinə görə yüksək qiymətləndirilib.
Jurnalistika təhsili sahəsində yeniliklər tətbiq edilmiş, universitetlərdə jurnalistika fakültələrinin müasirləşdirilməsi və beynəlxalq təcrübənin yerli təhsilə inteqrasiyası diqqət mərkəzinə gətirilmişdir.
İlham Əliyev media sahəsində atdığı mütərəqqi addımlar nəticəsində iki dəfə jurnalistlərin dostu mükafatının qalibi olub.
Prezident İlham Əliyev 2010-cu ildə “Jurnalistlərin Dostu” mükafatını qəbul edərkən çıxışında bildirmişdir: "Demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının xüsusi rolu vardır. Azərbaycanda azad mətbuatın tarixi o qədər də böyük deyildir, hesab edirəm ki, qısa müddət ərzində - 20 il ərzində Azərbaycanda güclü, müstəqil mətbuat formalaşıbdır. Əlbəttə ki, burada ilk növbədə, mən jurnalistlərin fəaliyyətini xüsusilə vurğulamalıyam. Onların fəaliyyətini, bəzən çətin şəraitdə olan fəaliyyətini yüksək qiymətləndirirəm. Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycanda bu sahədə aparılan islahatlar və müsbət istiqamətdə inkişaf edən vəziyyət bunun əyani sübutudur".
Medianın İnkişafı Agentliyinin Yaradılması
Prezident İlham Əliyevin medianın inkişafına verdiyi töhfələrin davamı olaraq, 2021-ci ildə Medianın İnkişafı Agentliyinin yaradılmasını qeyd edə bilərik. Agentliyin məqsədi Azərbaycan mediasının iqtisadi, texnoloji və peşəkar inkişafını təmin etməkdir. MEDİA aşağıdakı funksiyaları yerinə yetirir: Media subyektlərinin dəstəklənməsi; Dövlət tərəfindən mediaya maliyyə və texniki dəstək verilir. Jurnalistlərin peşəkarlığının artırılması: müxtəlif treninqlər, layihələr və proqramlarla jurnalistlərin bilik və bacarıqları inkişaf etdirilir. Medianın dayanıqlılığı: Media orqanlarının iqtisadi sabitliyi və institusional inkişafı üçün şərait yaradılır. MEDİA-nın yaradılması Prezident İlham Əliyevin medianı ölkənin ümumi inkişaf strategiyasının mühüm hissəsi kimi qəbul etdiyini nümayiş etdirir.
Deputat Vüqar Rəhimzadə mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verib: "Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan çətin dövr digər sahələr kimi, mətbuata da öz təsirini göstərdi. Həmin illərdə söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişafı tarixində də yeni mərhələnin əsasını qoydu. Ümummilli Lider müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahənin inkişafı istiqamətində davamlı addımlar atdı. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı Fərman və sərəncamlarla ölkədə informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi təmin edildi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb".
V.Rəhimzadə son 20 ildə medianın müstəqilliyi və söz azadlığının təmin edilməsi sahəsində əldə ediləb irəliləyişlərdən də danışıb: "Tarixi Zəfərimiz bütün sahələrdə təkmilləşməni bir zərurətə çevirdi. Qalib ölkənin mətbuatının hazırkı dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi üçün təkmilləşmənin, yeniləşmənin vacibliyi xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bunun təsdiqi oldu. Bu sənəd belə bir reallığı ortaya qoydu ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb. Sözügedən sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyi yaradıldı.
Hazırda Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitini, iqtisadi müstəqilliyi təmin edir. Azərbaycanda Vahid Media Reyestri yaradıldı, MEDİA tərəfindən jurnalistlərə vəsiqələr verildi. Mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbul edilməsini də xüsusi qeyd etməliyik. 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanun Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin əsası oldu. Müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafına yönələn addımların davamlılığında özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir".
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mediası müasir tələblərə uyğun inkişaf etmiş, azad və peşəkar medianın formalaşdırılması istiqamətində bütün mütərəqqi addımlar atılmış və hər biri öz nəticəsini vermişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "Demokratiyanın inkişafı istiqamətində mətbuatın xüsusi rolu var". Bu gün Azərbaycan mətbuatı rolunu layiqincə yerinə yetirir. Çünki onun azad, obyektiv fəaliyyəti üçün hər bir şərait yaradılıb və bu yolda atılan addımlar Azərbaycan jurnalistikasının gələcək perspektivindən xəbər verir.
Ayhan Ağarzayev
12:36 16.12.2024
Oxunuş sayı: 7639