Dünyada davam edən borclanma: Səbəbləri və gözlənilən nəticələri- Professor
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
Müasir dövrdə bəşəriyyətin iqtisadi inkişafı və maliyyə sabitliyi anlayışları bir-birindən ayrılmaz hala gəlib. Qloballaşmanın, beynəlxalq ticarətin, texnoloji tərəqqinin və maliyyə bazarlarının inteqrasiyasının nəticəsi olaraq, bu gün istənilən ölkənin iqtisadi durumu, demək olar ki, dünya maliyyə sisteminin vəziyyətindən asılıdır. Artıq bir ölkənin borcu, valyutası və ya faiz siyasəti təkcə onun sərhədləri daxilində deyil, bütün qlobal bazarlarda rezonans doğurur.
XXI əsrin iqtisadi mənzərəsini xarakterizə edən əsas cəhətlərdən biri də dünya borc yükünün sürətli artımıdır. Dövlətlər, korporasiyalar və banklar bir-birinə sıx şəkildə maliyyə telləri ilə bağlanıb. Bu borclanma mexanizmləri bir tərəfdən iqtisadi inkişafın mühərrikinə çevrilib, digər tərəfdən isə potensial risklərin toplanma mənbəyi olub. Belə bir şəraitdə maliyyə sabitliyinin qorunması, borcların idarə edilməsi və iqtisadi dayanıqlığın təmin edilməsi bütün dövlətlərin əsas strateji hədəflərindən birinə çevrilib.
Əslində borc anlayışı insan sivilizasiyasının yaranışı qədər qədimdir. Lakin dövlət borcunun formalaşması, yəni dövlətin xalqdan, müəssisələrdən və ya başqa ölkələrdən vəsait cəlb etməsi prosesi, tarixi baxımdan çox mühüm mərhələ sayılır. İlk dəfə orta əsrlərdə Avropa şəhər-dövlətlərində xüsusilə Venesiyada, Genuyada və Florensiyada dövlət borcunun müasir formasına bənzər mexanizmlər meydana çıxdı. O vaxtlar bu borclar əsasən müharibələrin maliyyələşdirilməsi və ticarətin genişləndirilməsi məqsədilə götürülürdü.
Zaman keçdikcə borclanma dövlət idarəçiliyinin mühüm iqtisadi alətinə çevrildi. Artıq XVIII–XIX əsrlərdə dövlətlər borcu təkcə fövqəladə vəziyyətlərdə deyil, həm də infrastruktur, sənaye və sosial proqramların maliyyələşdirilməsi üçün istifadə etməyə başladılar. XX əsrin ikinci yarısından etibarən isə borc bazarları beynəlxalq xarakter aldı və qlobal maliyyə sisteminin əsası formalaşdı.
Bu gün dünya iqtisadiyyatı tarixin heç bir dövründə olmadığı qədər bir-biri ilə əlaqəlidir. ABŞ-da qəbul edilən maliyyə qərarı Avropada faiz dərəcələrinə, Asiyada istehsal səviyyəsinə, Afrikada isə ərzaq qiymətlərinə təsir göstərə bilir. Dünya borcunun həcmi artıq dünya ümumdaxili məhsulunu ötüb və hər saniyə artır. Bu isə o deməkdir ki, borc indi təkcə iqtisadi termin deyil, bəşəriyyətin gələcək inkişaf modelinin ayrılmaz hissəsidir.
Bütün bu proseslərin fonunda sual yaranır: borclanma insan sivilizasiyasının təbii təkamülüdürmü, yoxsa iqtisadi təhlükənin başlanğıcı? Tarix bizə göstərir ki, hər iki baxışda həqiqət payı var. Borc düzgün idarə olunduqda rifah və tərəqqi gətirir, amma nəzarətsiz qaldıqda böhran və iflasa aparır.
Elə bu baxımdan, bugünkü çıxışda həm dövlət borcunun tarixi inkişafını, həm də dünya maliyyə sisteminin indiki durumunu və onun qarşısında duran riskləri təhlil etmək xüsusi əhəmiyyət daşıyır. Çünki keçmişi anlamaq, gələcəyi düzgün qiymətləndirməyin yeganə yoludur.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Dünya maliyyə sistemi bu günlərdə, həqiqətən də, çox bərbad vəziyyətdədir. Amma bu, o demək deyil ki, yaxın gələcəkdə iqtisadiyyat çökəcək. İstərdim ki, dövlət borclarından başlayaq. Bir çox iqtisadçı alim bu anlayışın tarixini XII–XIII əsrlərə aid edirlər. Həqiqətən də, o dövrdə dövlət borcu anlayışının ilk nümunələrindən biri Venesiyada yaranmışdır. Venesiya dövləti müharibə aparmaq üçün xüsusi notlar yəni emissiyalar çap etdirdi. Eyni zamanda varlı və imkanlı şəxslərdən vəsait toplanaraq müharibənin davam etdirilməsi təmin olundu. O vaxt Venesiya kifayət qədər çoxsaylı müharibələr aparırdı və bu vəsait dövlətə ciddi şəkildə kömək etmişdi. Lakin mən bu məsələnin tarixini bir qədər dərindən araşdıranda gördüm ki, dövlətin və ya hakimiyyətin borc götürməsi daha qədim dövrlərə- Roma imperatorları zamanına qədər gedib çıxır. Bəzi imperatorlar müharibələri, yəni işğal siyasətlərini davam etdirmək üçün müxtəlif formalarda bu gün bizə primitiv görünən, amma mahiyyətcə müasir borclanma alətlərinə bənzər üsullardan istifadə edirdilər.
İndi isə tarixdən çıxaraq bugünkü dünya maliyyə sisteminin vəziyyətinə qayıdaq. Müxtəlif rəqəmlər səsləndirilir: dünya üzrə toplan borcun həcmi (əsasən kredit borcları və qiymətli kağızlarla bağlı öhdəliklər) 100 trilyon dollardan 130 trilyon dollara qədər dəyişir. Bu rəqəmlərin təhlili, hesablanma metodologiyaları və yanaşmaları fərqlidir. Amma artıq demək olar ki, dünyanın ümumi borcu dünya ümumdaxili məhsulunu (ÜDM) üstələyib. Burada da göstəricilər fərqlənir 110 faizdən 120 faizə qədər. Bu məsələdə isə birinci yerdə təbii ki, ABŞ dayanır. Dünyanın ümumi borcu barədə isə müxtəlif mənbələrdə fərqli rəqəmlər göstərilir. Bəzi hesabatlarda bu göstərici 110–120 trilyon ABŞ dolları civarında qeyd olunur, digərlərində isə 320 trilyon dollara qədər yüksəlir. Bu fərqlilik, təbii ki, borcun hesablanma metodologiyasındakı müxtəlif yanaşmalarla izah olunur. Əslində, burada əsas diqqət yetirilməli olan məqam borcun ümumi həcmi deyil, onun ümumdaxili məhsula (ÜDM) nisbətidir. Məhz bu faiz göstəricisi dövlətlərin borc dayanıqlığını və real iqtisadi yükünü daha dəqiq şəkildə əks etdirir.
Mövcud təhlillər göstərir ki, hazırda qlobal borcun həcmi dünya iqtisadiyyatının ümumi dəyərindən, yəni planetin ÜDM-dən azı 25-30 faiz çoxdur. Bu isə o deməkdir ki, borclanma prosesi təkcə davam etmir, həm də sürətlənir.
Maraqlıdır ki, müxtəlif mənbələrdə bu rəqəmlər arasında üç dəfəyə qədər fərq müşahidə olunur. Hər biri öz metodologiyasına əsaslansa da, nəticə eynidir dünyanın borc yükü sürətlə artır və artıq qlobal iqtisadi tarazlığı ciddi şəkildə təhdid edən səviyyəyə çatıb”.
Professorun sözlərinə görə, ABŞ-nin ümumi borcu artıq 37 trilyon dolları keçib: “Qeyd etmək lazımdır ki, bəzi ekspertlərin hesablamalarına görə, bu borcun təxminən 70 faizi daxili borcdur, yəni ABŞ-nin öz vətəndaşlarına, korporasiyalarına və hüquqi subyektlərinə olan borcudur. Bəziləri isə bu rəqəmi 75 faiz kimi göstərirlər. Daha dəqiq desək, ABŞ borcunun 70–75 faizi daxili, 25–30 faizi isə xarici borcdur yəni xarici hökumətlərə, dövlətlərə, investor və maliyyə qurumlarına olan öhdəliklərdir. ABŞ-nin ÜDM-i ilə ümumi borcunun nisbəti də dünya ortalamasına bənzər şəkildə təxminən 105–115 faiz civarındadır. Bu çoxdur, ya azdır? İqtisadi gücü, qızıl ehtiyatları (dünyadakı ehtiyatların yarıdan çoxu ABŞ-da cəmləşib), yüksək texnologiyalar, kənd təsərrüfatı və enerji istehsalı kimi amillər bu ölkəyə imkan verir ki, bu borc həcmi onu iqtisadi cəhətdən çökdürməsin. Mənə tez-tez “yaxın gələcək” barədə suallar verirlər. Mən deyirəm ki, bu, qarşıdakı 30–50 ili əhatə edir və bu müddətdə ABŞ maliyyə baxımından ciddi problemlərlə üzləşməyəcək. Halbuki son illərdə ABŞ borcu hər il təxminən 1 trilyon dollar artır. Təbii ki, bu artımın iqtisadiyyata müəyyən təzyiqi var və bu, hiss olunur. Venesiyadan başladığımız mövzuya qayıtsaq, qeyd edim ki, dövlət borcunun yaranma səbəbləri yalnız müharibələrlə bağlı olmayıb. XVI–XVII əsrlərdə artıq bazar iqtisadiyyatının inkişafı üçün dövlətlərə külli miqdarda vəsait lazım idi. Dövlətlər bu vəsaiti yalnız vergi sistemi ilə toplaya bilmirdilər. Ona görə də borclanma mexanizmlərinə əl atdılar. Son yüz ildən artıq bir dövrdə demək olar ki, dünyada borclanmayan dövlət yoxdur. Hər bir ölkə müəyyən formada borclanır. Hətta bu gün gördüyümüz iqtisadi tərəqqinin, texnoloji inqilabların, innovativ layihələrin əsasında da borclanma dayanır. Burada təkcə dövlətlər deyil, həm də investisiya şirkətləri, banklar, maliyyə institutları borclanır. Onlar həm kapitalın yığılması, həm də onun dövriyyəyə buraxılması ilə məşğuldurlar. Bu, təbii ki, qazanc məqsədi daşıyır yəni götürülən faizlə verilən kreditin faiz fərqi maliyyə qurumlarının gəlir mənbəyidir”.
O söyləyib ki, bu gün dünya miqyasında borcların səviyyəsi çox yüksəkdir: “Hesablamalara görə, dünyada hər bir insana orta hesabla 15 min dollar borc düşür. Bu, böyük rəqəmdir. ABŞ-də isə hər bir vətəndaş üçün bu göstərici təxminən 100 min dollardır. Təbii ki, bu, mənfi haldır və bir çox iqtisadi fəsadlara səbəb olur. Dünya borcunun yaranma səbəbləri, dediyimiz kimi, yalnız müharibələrlə bağlı deyil. Bazar iqtisadiyyatı formalaşdıqca dövlətlərin maliyyə ehtiyacları da artdı və nəticədə borclanma prosesi genişləndi. Hazırda bu proses o qədər sürətlə gedir ki, hesablamalara görə dünya borcu hər saniyədə təxminən 1 milyon dollar artır. Bu isə çox ciddi göstəricidir.
Əvvəlki çıxışlarımızda da qeyd etdiyimiz kimi, daha ətraflı təhlilləri arxiv materiallarında görmək mümkündür. Biz adətən ABŞ borcu üzərində daha çox dayanırıq, amma bu dəfə digər inkişaf etmiş ölkələrə də toxunaq. Maraqlıdır ki, ölkə nə qədər varlı olarsa, bir o qədər də onun borc yükü artır. Amma varlı ölkələrin bir üstünlüyü var: onlar götürdükləri borcları çox aşağı faizlə əldə edirlər.
Məsələn, ABŞ, Böyük Britaniya və Yaponiya dünyada ən ucuz dövlət maliyyə sənədləri ilə işləyən ölkələrdəndir. Xüsusilə Yaponiya bu baxımdan fərqlənir: bu ölkənin 9 trilyon dollardan artıq dövlət borcu var. Müxtəlif mənbələrə görə, bu, ÜDM-in 235–250 faizi qədərdir. Lakin maraqlısı odur ki, bu borcun 94 faizi Yaponiyanın özünə məxsusdur. Cəmi 6 faizi isə xarici borcdur. Bu da onu göstərir ki, Yaponiya dövlətinin maliyyə sənədlərinə həm yerli, həm də beynəlxalq səviyyədə güclü etimad mövcuddur. Hətta elə hallar olub ki, Yaponiyanın istiqrazları 0 faizlə satılıb, yəni qazancsız alınsa da, etimad səbəbilə alıcı tapıb. Almaniya da dünyada ən nizam-intizamlı maliyyə sisteminə malik ölkələrdən sayılır. Onun borcu təxminən 2,5 trilyon dollardır. Bu, onu göstərir ki, borcsuz ölkə yoxdur. Reytinqlərə baxdıqda, varlı ölkələr birinci sıradadır, sonra isə nisbətən inkişaf etmiş, lakin yüksək faizlə borclanan ölkələr gəlir. Burada belə bir sual yaranır: borclanmanın davamlılığı və xüsusilə xarici borclar nə qədər təhlükəlidir? Xarici borclar, adətən, inflyasiyanın artmasına gətirib çıxarır. Daxili borclar isə müəyyən hallarda dövlət üçün daha idarəolunandır, məsələn ipoteka kreditləri, daxili istiqrazlar və s. Türkiyənin maliyyə sistemi hazırda ağır durumdadır. İnflyasiya 50 faizi keçib, Mərkəzi Bank faizləri 30–40 faiz səviyyəsində saxlamağa çalışır. Türk lirəsinin devalvasiyası da məhz uzun illər boyu son 35–40 ildə aparılmış xarici borclanmanın nəticəsidir. Bu, təkcə indiki hakimiyyət dövründə yaranmayıb, tarixən formalaşmış problemdir. Misir, Şri-Lanka, Argentina, Yunanıstan kimi ölkələr də xarici borclanmanın ağır nəticələri ilə üzləşiblər. Yunanıstan 2010-cu ildə ciddi maliyyə böhranı yaşadı. Həmin vaxt onun borcu ÜDM-in 127 faizi idi. Problem ondadır ki, borcu qaytara bilməyən ölkələr faiz ödəmək üçün yenidən borc götürməyə məcbur olurlar. Bu, zəncirvari proses yaradır: köhnə borcu bağlamaq üçün yenisi alınır, faizlər artır və nəticədə ümumi yük sürətlə böyüyür. Beləliklə, bir çox ölkələr bu fəlakətlə mübarizə aparmaq üçün yeni alətlər axtarsalar da, borclanmadan tam imtina edə bilmirlər. Çünki borclanmasalar, inkişaf da mümkünsüz olur”.
Həmsöhbətimiz əlavə edib ki, müharibələr də borclanmanı artıran əsas amillərdəndir: “Müharibə – insan tələfatı ilə yanaşı, maliyyə resurslarının da məhv olması deməkdir. Bu gün Avropa və Rusiya iqtisadiyyatında da bu təsiri aydın görürük. Müharibə aparan hər bir dövlətin maliyyə vəziyyəti zərbə alır, çünki hərbi əməliyyatlar böyük xərclər tələb edir və bu xərclərin mənbəyi adətən borclanmadır. Beləliklə, dövlətlər inkişaf etmək və ya müharibə aparmaq üçün borc götürürlər; borcu ödəmək üçün yenidən borc alırlar. Bu, zəncirvari reaksiyaya çevrilir. Varlı ölkələr bu vəziyyətdən nisbətən az zərər görsələr də, iqtisadi cəhətdən zəif ölkələr üçün bu, bəzən fəlakətlə nəticələnir.
Məsələn, Afrika ölkələrinin çoxunda iqtisadiyyat zəifdir, maliyyə sistemləri dayanıqlı deyil və qlobal iqtisadi sarsıntılar onları dərhal təsirləndirir. Əgər iki böyük dövlət – məsələn ABŞ və Çin – arasında ticarət müharibəsi başlayırsa, bu prosesin təsiri demək olar ki, bütün dünyaya yayılır”.
Professor Azərbaycanın bu məsələyə ciddi nəzarət etdiyini qeyd edib: "Azərbaycanda isə bu məsələ dövlətin ciddi nəzarəti altındadır. Ölkə rəhbərliyi yaxşı bilir ki, Azərbaycanın gələcək inkişafı maliyyə dayanıqlığından çox asılıdır. Buna görə də son 10 ildə dövlət çalışır ki, xarici borclanma azaldılsın, daxili borclanmaya üstünlük verilsin. Hazırda Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin oktyabr ayına olan məlumata əsasən 25 milyard 365 milyon manatdır, bu da ÜDM-in təxminən 19,5 faizini təşkil edir. BMT ekspertlərinin fikrincə, borc yükü ÜDM-in 60 faizinə qədər olduqda bu, normal hesab edilir. Bu baxımdan Azərbaycanın göstəricisi çox yaxşıdır. Son illərdə ölkəmizdə ümumi dövlət borcunun xarici hissəsinin azalması və daxili borclanmaya keçid istiqamətində mühüm işlər görülüb. Hazırda xarici borc ÜDM-in təxminən 7 faizi səviyyəsindədir və bu, son 5 ildə əhəmiyyətli dərəcədə azalıb. Hesab edirəm ki, Azərbaycanın borclanmaya münasibəti və bu sahədə apardığı siyasət çox düzgün və məqsədyönlüdür. Bu siyasət ölkəmizin iqtisadiyyatını daha da dayanıqlı və davamlı inkişaf etdirəcək".
Elmir Heydərli
23:01 27.10.2025
Oxunuş sayı: 1852