Yanvarın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə səhiyyə sektoruna həsr olunmuş sektorial görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir "SİMA İmza”nın tərəfdaşlığı, Marsol Expo və Sahara Electronics-in sponsorluğu ilə baş tutub. Görüşün əsas məqsədi səhiyyə sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək, eləcə də dövlət–özəl tərəfdaşlığını gücləndirmək olub. Tədbirdə 100-dən çox sahibkar, səhiyyə sahəsi üzrə mütəxəssislər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən İCMA İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti, sektorial görüşlərin məqsədləri və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, eyni sektordan olan iş adamlarının vahid platformada birləşməsinin dövlət–özəl əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Millət vəkili İlham Məmmədov çıxışında bu cür təşəbbüslərin aktual və əhəmiyyətli olduğunu qeyd edərək, səhiyyə mühitinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətdən gələn təkliflərin dəstəklənəcəyini bildirib. O, Azərbaycanın səhiyyə sahəsində sürətli inkişaf yolunda olduğunu və özəl tibb müəssisələrinin inkişafı üçün həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Millət vəkili Müşfiq Məmmədli səhiyyə sektorunda infrastrukturun gücləndirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb, bu sahədə aparılan islahatlar barədə fikirlərini bölüşüb.
KOBİA İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov sahibkarlara göstərilən dəstək mexanizmləri, qanuni maraqların qorunması və ictimai şuraların rolu haqqında məlumat verib. O, tibb müəssisələrinin bu cür platformalarda fəal iştirakının əhəmiyyətini qeyd edərək, KOBİA-nın bu təşəbbüsləri dəstəklədiyini bildirib.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev dövlət və özəl tibb müəssisələri arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıb, nazirliyin sektordan daxil olan təklif və müraciətlərə açıq olduğunu qeyd edib.
İcbari Tibbi Sığorta Agentliyi sədrinin müşaviri Nelli Vesyova icbari tibbi sığorta sahəsində həyata keçirilən yeniliklər və islahatlar barədə məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova səhiyyə sektorunun məşğulluğun artırılmasında mühüm rol oynadığını vurğulayıb və sahibkarların bu sahədə verdiyi töhfələri yüksək qiymətləndirib.
TƏBİB-in Təlim və Tədqiqat departamentinin rəhbəri Teymur Mirzəbəyli qarşılıqlı etimad mühitinin formalaşmasında bu cür platformaların əhəmiyyətini qeyd edərək, qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov səhiyyə sektoruna tətbiq edilən vergi güzəştləri, ƏDV və mənfəət vergisi üzrə stimullaşdırıcı mexanizmlər haqqında danışıb.
SOCAR Tibb xidməti departamentinin rəhbəri Fuad Əlizadə SOCAR-da tətbiq olunan icbari və könüllü tibbi sığorta mexanizmləri və özəl tibb müəssisələri ilə əməkdaşlıq təcrübəsi barədə məlumat verib.
Özəl Tibb Müəssisələri Assosiasiyasının İdarə Heyətinin sədri Günel Əliyeva özəl tibb sektorunun qarşılaşdığı problemlər və dövlət qurumları ilə aparılan əməkdaşlıqlar barədə danışıb.
Məlhəm Beynəlxalq Hospital-ın rəhbəri, eyni zamanda İCMA-nın "Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının sədri Sevda Əlizadə Komissiyanın fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verərək, səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasının vacibliyini vurğulayıb.
Tədbirin tərəfdaşı olan "SİMA İmza”nın Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli "AzInTelecom”un fəaliyyət istiqamətləri, bulud texnologiyaları və "SİMA Rəqəmsal İmza” xidmətləri ilə bağlı təqdimatla çıxış edib.
Sponsor qurumların nümayəndələri — Sahara Electronics-in direktoru Elnu Səmədzadə və Marsol Expo-nun Baş satış inzibatçısı Fərid Rəcəbli təmsil etdikləri şirkətlərin biznes həlləri barədə məlumat veriblər.
Görüş səmimi fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. Tədbir səhiyyə sektorunda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.