Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlıq modelidir
Müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığın xüsusi yeri var. Azərbaycanın istər Avropa İttifaqı, istərsə də quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Mayın 4-də İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri bir daha iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Qeyd edək ki, İtaliya Azərbaycannın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin may ayında qurulub. Son illərdə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri və imzalanmış çoxsaylı sənədlər münasibətlərin dinamikasında əhəmiyyətli rol oynayır. 2020-ci ilin fevral ayında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.
Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşündə iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirildi. Bu səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi. Geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirdi ki, Ermənistandan gələrək Azərbaycanı ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Azərbaycanın da İtaliyaya eyni münasibəti var. Səfər strateji münasibətlərimizin inkişafında çox həlledici rol otnayacaq. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni isə vurğuladı ki, Azərbaycanda olmaq onun üçün şərəfdir və məmnunluq hissi doğurur. Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az -a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, keçirilən görüşlərdə diqqət İtaliya Prezidenti Sercio Mattarellanın ötən ilin sentyabrında ölkəmizə rəsmi səfərinə yönəldildi. Bu səfər ölkələrimizin mədəni əlaqələrinin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar hadisə kimi dəyərləndirildi. Azərbaycanın beynəxlaq əlaqələrdə körpü rolu xüsusi qeyd edildi. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni bildirdi ki, bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.
Göründüyü kimi, qarşılıqlı səfərlərin dinamikliyi tərəflərin əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olmasını bir daha təsdiqləyir. İstər təkbətək və geniş tərkibdə görüşlərdə, istərsə də mətbuata bəyanatlarında Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni əlaqələrin inkişafından məmnunluqlarını ifadə etdilər. Bildirildi ki, ticarət əlaqələrimiz yüksək səviyyədədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib. Onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu həcmi artırmaq üçün müzakirələr aparıldı. Bunun üçün Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurlar əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır. Regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasının illər keçdikcə genişlənməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu təsdiqləyir. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 4 il sonra - 2018-ci ilin mayında rəsmi açılışının keçirilməsi çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirildi. 2018-ci ilin iyun ayında TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqının, həmçinin quruma üzv dövlətlərin rəsmiləri daim yüksək dəyərləndirirlər. Avropa İttifaqı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər qurmaq istəyir. Avropa İttifaqı, həmçinin quruma daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.
Sözügedən səfər çərçivəsində mətbuata bəyanatında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni bildirdi ki, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Bu plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən 2026-cı ilin ikinci yarısında Bakıda biznes-forumun keçirilməsi planlaşdırılıb.
Milli Məclisin deputatı bildirib ki, dünya enerji bazarında investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İtaliya bazarı bizim üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur. “Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların sayının daha da çox olmasını istəyirik. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanla İtaliya arasında biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, təhsil də xüsusi əhəmiyyət kəsb edir. Münasibətlərin ən mühüm yeniliklərindən biri İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Ötən il oktyabrın 1-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Bakıda Universitetin ilk tədris korpuslarının açılışı oldu. İtaliya-Azərbaycan Universitetində təhsil alan gənclər yalnız bilik deyil, həm də iki ölkə arasında mədəniyyətlərarası körpünün daşıyıcısına çevriləcəklər. Eyni zamanda, İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri və digər humanitar layihələr xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məsələni də xüsusi qeyd etdi. Bildirdi ki, keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.
Millət vəkili qeyd edib ki, Azərbaycan-İtaliya münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya, hərbi-texniki sahələrdə də inkişaf edərək dayanıqlı xarakter alıb. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaq. Ölkələrimiz strateji tərəfdaşdırlar. 2014-cü və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlığa dair iki bəyannamə münasibətlərimizin əsasını təşkil edir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycanda olması bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.
10:49 06.05.2026
Oxunuş sayı: 49