Yaşıl enerji keçidində yeni nəfəs
Azərbaycan zəngin enerji resursları və strateji mövqeyi ilə beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü ilə reallaşan layihələr təkcə Avropanın enerji təhlükəsizliyinin təminatına deyil, həm də regionlararası inteqrasiyanın sürətləndirilməsinə böyük töhfə verir. Xüsusilə, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Bu əməkdaşlıq eyni zamanda bərpa olunan enerji mənbələrinə keçid prosesində beynəlxalq dəstəyi gücləndirir və innovasiyaların mübadiləsi üçün əlverişli şərait yaradır. Nəticədə, Azərbaycan həm ənənəvi enerji bazarında, həm də gələcəyin enerji həllərində liderlik mövqeyini qorumağa davam edir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri - Mətbuat katibi Cahid Mikayılov Crossmedia.az-a verdiyi açıqlaması zamanı bildirib ki, enerji layihələrinin beynəlxalq əməkdaşlıq əsasında inkişafı ilk vaxtlardan Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib:
“Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələr bu siyasətin ən bariz nümunələri olaraq çıxış edir. Hazırda Azərbaycan qazı 12 ölkə tərəfindən idxal edilir. Bu siyasət yaşıl enerji sahəsində də davam etdirilməkdədir. Beynəlxalq tərəfdaşlıqlar vasitəsilə xarici investisiya hesabına bərpa olunan enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın yaşıl enerjiyə keçidini sürətləndirir. Bu istiqamətdə Masdar, Acwa Power, bp, China Gezhouba Group Overseas Investment kimi iyirmiyə yaxın xarici şirkət və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edilir. Ötən il 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib, bu il isə Neftçalada 315 MVt, Biləsuvarda 445 MVt, Cəbrayılda 240 MVt gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının təməli qoyulub. 240 MVt gücündə “Xızı-Abşeron” KES-də ilk turbin artıq quraşdırılıb. 100 MVt gücündə “Qobustan” GES layihəsi üzrə hərracın qalibi isə Çinin “Universal International Holdings Limited” şirkəti olub”.
Cahid Mikayılov həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində ərsəyə gəlmiş belə yaşıl enerji layihələrinin sayının çox olduğunu da vurğulayıb:
“Eyni zamanda yaşıl enerjinin ixracı məqsədilə regional enerji dəhlizlərinin yaradılması üzrə işlər də davam etdirilir. Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Ruminiya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ilkin mərhələdə 4 QVt həcmində yaşıl enerjinin Avropaya ixracı planlaşdırılır. İtaliyanın “CESI” şirkəti tərəfindən bu layihə üzrə aparılan texniki-iqtisadi əsaslandırmanın ilkin nəticələrini əks etdirən hesabat ötən ay COP29 çərçivəsində təqdim olunub. Yaşıl hidrogen ixracı da layihənin tərkib hissəsi olacaqdır.
1 QVt həcmində yaşıl enerjinin Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur. “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş” və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən əməkdaşlıq sənədləri də COP29 çərçivəsində imzalanıb”.
Sonda C.Mikayılov hazırda enerji sahəsində beynəlxalq əməkdaşlıqların daha geniş və daha şaxəli istiqamətləri əhatə etdiyini, xüsusilə də bərpa olunan enerji mənbələrindən istifadənin inkişafında yeni imkanlar açdığını diqqətə çatdırıb.
Aytac Bəhruzqızı
14:46 13.12.2024
Oxunuş sayı: 5979