İki ölkə liderlərinin təması münasibətlərin konstruktiv inkişafını göstərir - Deputat
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edib. Mətbuat xidməti tərəfindən yayılan məlumata görə, söhbət Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da baş tutan görüşün davamı olub. Telefon danışığı zamanı iki ölkə liderləri ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin regional əməkdaşlıq və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparılıb, müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan və Rusiya arasında dəyişməz bir reallıq mövcuddur — bu iki ölkə eyni regionda yerləşən, bir-biri ilə sıx inteqrasiya olunmuş xalqları təmsil edir:
“Digər tərəfdən, dəyişməz reallıq da ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemi kimi region aktorlarının da yanaşması dəyişir. Azərbaycan diktə siyasətindən tamamilə kənardır və yalnız öz milli maraqları çərçivəsində hərəkət edir. Bu məsələdə dövlətlə xalqın birliyi həm daxili, həm də xarici siyasətdə özünü aydın şəkildə göstərir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında mütəmadi təmaslar münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini göstərir:
“Bu cür birbaşa əlaqələr regionda münasibətlərin daha açıq və konstruktiv zəmində inkişafına şərait yaradır. İki liderin telefon danışığı da göstərir ki, münasibətlər tormozlanmadan, qarşılıqlı anlayış əsasında irəliləyir".
Azər Badamovun sözlərinə görə, münasibətlərə xələl gətirmək istəyən qüvvələr olsa da, tərəflərin siyasi iradəsi bu cəhdləri neytrallaşdırır:
“Təkcə Azərbaycan-Rusiya münasibətlərində deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində bu cür pozucu qüvvələr var. Amma Rusiya Azərbaycanın regiondakı gücünü, dönməzliyini və qətiyyətini yaxşı anlayır. Buna görə də Azərbaycan Rusiyaya lazım olan, etibarlı tərəfdaşdır".
Deputat həmçinin Qərb ölkələrinin də son dövrlər Azərbaycanla münasibətləri konstruktiv məcraya yönəltməyə çalışdığını bildirib:
“ABŞ, Avropa İttifaqı və ümumilikdə Qərb yanaşmalarını dəyişir, Azərbaycanla əlaqələri praqmatik əsasda qurmaq istəyir. Bu isə təbii olaraq Rusiyada müəyyən narahatlıq doğurur, çünki Moskva regionda bu proseslərin kənarında qalmaq istəmir".
Azər Badamov vurğulayıb ki, Rusiya üçün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı mühüm prioritetdir və Moskva sülh prosesinin qarşısının artıq alına bilməyəcəyini anlayır:
“Sülhün imzalanması daha vacibdir, nəinki onun təxirə salınması. Rusiya imicinin də fərqindədir və regionun təhlükəsizlik arxitekturasında Azərbaycanın mövqeyi nəzərə alınmadan heç bir addım atıla bilməz".
Deputat yekunda bildirib ki, Azərbaycanla Rusiya arasında davamlı təmaslar regional sabitlik və əməkdaşlığın mühüm təminatıdır:
“Bütün fikir ayrılıqları məhz birbaşa təmaslar, telefon zəngləri və görüşlər vasitəsilə həll edilməlidir ki, bu proseslər ümumi konsensusla irəliləsin və gələcəyə yönəlmiş addımlar dayanmasın".
Mehriban Yariyeva
20:46 25.10.2025
Oxunuş sayı: 3306