İctimai nəqliyyatdan müntəzəm istifadə edənlərin nəzərinə: Cərimələnə bilərsiniz
Metro və avtobuslarda qayda pozan sərnişinləri sərt cəzalar gözləyir. Artıq ictimai nəqliyyatda özünü qeyri-etik aparanlar cərimədən yayına bilməyəcək. Yeni qaydalara əsasən, söyüş söyən, ətrafdakılara mane olan və ictimai asayişi pozan şəxslər məsuliyyətə cəlb olunacaq. Bu addım sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Qaydaların tətbiqi ilə nəqliyyatda intizamın güclənəcəyi gözlənilir. Məlumdur ki, son vaxtlar ictimai nəqliyyatda bu cür davranışlara tez-tez rast gəlinir və bu da sərnişinlər arasında narazılığa səbəb olur. Yeni qərarın məhz bu problemlərin qarşısını almağa yönəldiyi bildirilir.

Hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a bu barədə açıqlama verib. Onun sözlərinə görə, ictimai nəqliyyatda səsini ucadan qaldırmaqla danışan, söyüş söyən və cəmiyyətə hərəkətləri ilə hörmətsizlik göstərən və göstərməkdən çəkinməyən şəxslərin əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən "xırda xuliqanlıq" olaraq qiymətləndirilir: "Bununla bağlı hüquq-mühafizə orqanına şikayət daxil olduqda həmin şəxsin şəxsiyyəti müəyyən olunur və qeyd olunan maddəyə əsasən, 50 manatdan 100 manata qədər inzibati qaydada cərimə tətbiq olunur. Yaxud şəxsiyyət nəzərə alınmaqla 15 gün ərzində inzibati həbs tətbiq oluna bilər".
Fatimə
19:46 02.05.2026
Oxunuş sayı: 59