Tıxacdan canımız qurtarır?
“Koroğlu” metrostansiyası ətrafından “20 Yanvar”a tıxacsız yol açılır. Yaxın gələcəkdə paytaxtın nəqliyyat infrastrukturunda əhəmiyyətli dəyişiklik gözlənilir. Belə ki, sürücülər artıq metronun “Koroğlu” stansiyasından Bakı–Qazax şosesinə çıxarkən “20 Yanvar” dairəsinə daxil olmadan hərəkət edə biləcəklər. Bu yenilik şəhərdə nəqliyyat sıxlığının azaldılmasına və hərəkətin daha səmərəli təşkilinə xidmət edəcək.

Nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlamasında deyib ki, “20 Yanvar dairəsi” kimi kritik nəqliyyat qovşağına daxil olmadan alternativ hərəkət imkanının açılması şəhər mərkəzində tıxacların ümumi yükünü müəyyən qədər azalda bilər:
"Çünki bu dairə hazırda bir neçə əsas istiqamətin kəsişdiyi və sıxlığın pik həddə çatdığı nöqtələrdən biridir. Alternativ marşrutların yaradılması nəqliyyat axınının bir hissəsini bu düyündən kənarlaşdıraraq yükü bölüşdürür. Nəticədə xüsusilə pik saatlarda dayanma və gecikmə müddətləri qısala bilər. Belə ki, bu dəyişiklik gündəlik sərnişin axınına da müsbət təsir göstərir. Çünki daha fasiləsiz hərəkət edən nəqliyyat vasitələri marşrutların sabitliyini artırır, avtobus və digər ictimai nəqliyyatın qrafikdən geri qalma ehtimalını azaldır, şəxsi avtomobil istifadəçiləri isə daha qısa vaxtda mənzil başına çata bilir. Bu da ümumi şəhər mobilitesində psixoloji rahatlıq və vaxt qənaəti yaradır. Lakin belə yol açılışlarının hər zaman tam problemsiz nəticə vermədiyini də nəzərə almaq lazımdır, çünki bir nöqtədə azalan sıxlıq çox vaxt başqa bir hissədə yeni “dar boğaz” effekti yarada bilər. Yəni yeni marşruta yönələn avtomobil axını həmin yolun qəbul etmə qabiliyyətindən artıq olduqda paralel küçələrdə və ya çıxış nöqtələrində yeni tıxac ocaqları formalaşa bilər".
Ekspert əlavə edib ki, yol infrastrukturu, işıqforların sinxronizasiyası və yol nişanlarının düzgün tənzimlənməsi bu dəyişikliklərlə uyğunlaşdırılmazsa, qısa müddətdə rahatlıq versə də, uzun müddətdə sistem daxilində yeni balanssızlıq yarana bilər: "Buna görə belə layihələrin effektivliyi yalnız yolun açılması ilə yox, kompleks nəqliyyat idarəetməsi, axınların düzgün yönləndirilməsi və ictimai nəqliyyatın prioritetləşdirilməsi ilə birgə qiymətləndirilməlidir".
Fatimə
19:01 02.05.2026
Oxunuş sayı: 43