XTQ 44 günlük müharibədən sonra ən yüksək səviyyəyə çatıb
Azərbaycan Ordusunun ən peşəkar və strateji bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 27 il ötür.
30 aprel 1999-cu ildə formalaşdırılan bu bölmə ötən müddət ərzində ordunun ən çevik, yüksək hazırlıqlı və operativ qüvvələrindən birinə çevrilib. XTQ-nin əsas missiyası xüsusi əməliyyatların icrası, riskli tapşırıqların yerinə yetirilməsi və düşmən arxasında fəaliyyətin həyata keçirilməsidir.
Qurumun yaranmasından bu günə qədər keçdiyi yol həm peşəkarlıq, həm də döyüş təcrübəsi baxımından Azərbaycan hərb tarixində mühüm mərhələ kimi qiymətləndirilir.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Crossmedia.az-a açıqlama verib:

"Xüsusi təyinatlı qüvvələr Ulu Öndərin fərmanı ilə 1999-cu ildə yaradılmışdı. O gündən bu günə bütün fəaliyyətini gizli şəkildə inkişaf etdirmişdir. Aprel döyüşlərində qismən öz gücünü göstərdi. Belə ki, 44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr , yerinə yetirdiyi döyüş tapşırıqları, göstərdiyi şücaət və peşəkarlıqla həm xalqımızın, həm də cənab aili baş komandanımızın etimadını ən yüksək səviyyədə doğrultmuşdur.
Xüsusilə bu Şuşə əməliyyatları və digər yaşayış məntəqələrində aparılan əməliyyatlar bütün dünyada müasir döyüşün necə aparılmasını ortaya qoymuşdur. Bu gün bütün dünyada inkişaf etmiş ölkələr Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin keçdiyi döyüş yolu və təcrübəsini öyrənir, öz ordularında və birləşmələrində bunu tətbiq etməyə çalışırlar, araşdırırlar. Xüsusi təyinatlı qüvvələr eyni zamanda ədalətli müharibənin necə aparılmasını da ortaya qoydu. Onlar operativ şəkildə yaşayış məntəqələrində, dinc insanların arasında yerləşmiş qanunsuz hərbi birləşmələri necə sıradan çıxarmağını ortaya qoydu. Bu, ədalətli müharibədir, yəni bir mülki şəxsin burnu qanamadan orada fədakarlıq və peşəkarlığın göstərilməsidir. Xüsusi təyinatlı qüvvələr 44 günlük Vətən müharibəsindən sonra demək olar ki, ən yüksək səviyyəyə çatıb, inkişaf etmiş orduların siyahısında yer alır. Bu gün həm təchizat baxımından, həm peşəkarlıq baxımından, həm də icra etdiyi tapşırıqlar baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Bu gün baxmayaraq ki, qazilər, sıradan çıxaraq hərbi xidmətə yararsız olanlar var, onlar da öz missiyalarını yerinə yetirirlər".
B.Məmmədzadə əlavə edib:
"Mən deyərdim ki, bizdə bir prinsip var: xüsusi təyinatlı kursu keçdikdən sonra, o ailəyə – xüsusi təyinatlılara məxsus ailəyə daxil olduqdan sonra onun missiyası heç vaxt bitmir. Yəni hərbi xidmətdə olub-olmamasından asılı olmayaraq, xidmətə yararsız olub mülki həyata qayıtsa belə, o missiya hər zaman davam edir. Sədaqətim şərəfimdir. Xüsusi təyinatlı qüvvələr, mən inanıram ki, bu gün dünyanın ən inkişaf etmiş ordularının xüsusi təyinatlılarının içində heç geri qalmır, hətta onlardan da irəlidədir".
Fatimə
18:05 30.04.2026
Oxunuş sayı: 37