Azərbaycan və Türkiyə: Suriyanın yenidən qurulmasına hazırıq - ŞƏRH
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suriyadakı vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, Bəşər Əsəd rejiminin çökməsi ilə Suriyada sabitlik və inkişaf üçün yeni bir mərhələnin başlanacağı gözlənilir. Onun sözlərinə görə, Azərbaycan Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verir. Hacıyev vurğulayıb ki, “Azərbaycan qardaş Türkiyə ilə birgə Suriyanın üzləşdiyi humanitar problemlərin həllinə yardım etməyə hazırdır”.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a öz fikirlərini bildirib. Deputat qeyd edib ki, “Suriyada vəziyyət son həftələr şiddətli toqquşmalarla daha da mürəkkəbləşərək, 61 illik Əsəd rejiminin devrilməsinə gətirib çıxardı. Əslində Əsəd hakimiyyətinin sonu bəlli idi və belə çox davam edə bilməzdi. Hətta ordu belə Əsəd rejimindən bezmişdi. Artıq Suriyada milli birlik hökuməti yaradılıb və dövlət bayrağı dəyişdirilib”.
O əlavə edib ki, “Bundan sonra Suriyadakı inkişaf proseslərində Türkiyənin mühüm rolu olacaqdır. Qarşıdan gələn dövrdə Suriyada proseslərin dinc inkişafına Türkiyənin və Azərbaycanın ciddi töhfələri olacaqdır. Təbii ki, Türkiyə Suriyanın gələcəyində həlledici aktor olaraq qalmağa davam edəcək. Lakin meydandakı dinamika və beynəlxalq güclərin strategiyaları Türkiyənin məqsədlərinə çatmaması üçün əllərindən gələni edəcək. Bu prosesdə Türkiyənin diplomatik və hərbi addımlarının təsiri Suriyanın yenidən formalaşdırılmasında kritik əhəmiyyətə malik olacaq”.
Deputat həmçinin vurğulayıb ki, “Suriyada devrilmiş Bəşər Əsəd rejiminin Ermənistanla yaxın əlaqələrinin olduğu da məlumdur. Hətta Ermənistan hərbçiləri Hələbdə xidmət edir. Minatəmizləmə kimi qələmə verilən bu xidmət əslində Əsəd rejiminə dəstək məqsədi daşıdığı hər kəsə məlumdur. Ermənistan İran vasitəsilə Suriyaya hərbi texnika göndərməsi də gizli deyil”.
Müşfiq Cəfərov əlavə edib ki, “Vaxtilə Azərbaycanın işğal altında olan torpaqlarında məhz Suriyadan olan ermənilərin qeyri-qanuni məskunlaşdırılması da Suriya ilə Ermənistan arasında olan münasibətlərin istiliyinə görə idi. Göründüyü kimi, özünü qərbpərəst kimi göstərən Paşinyan hakimiyyəti Yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq edib. Hazırda İrəvan Rusiya ilə Qərb arasında da eyni riyakar mövqeni tutub”.
Deputatın sözlərinə görə, “Suriyanı qanlı vətəndaş müharibəsinə sürükləyərək bunun sayəsində hakimiyyətini saxlamağa çalışan Bəşər Əsəd ölkəni sözün əsl mənasında qara günə qoydu. Başdan-başa xarabalığa dönən Suriyanın on milyondan çox vətəndaşı qaçqın və məcburi köçkünə çevrildi, həbsxanalar diktat rejimə qarşı çıxan insanlarla dolub-daşdı, ölkənin qurtuluşu və milli birlik üçün mübarizə aparan minlərlə insan doğma vətənlərindən sürgün edildi. Bəziləri isə ya güllələndi, ya da asıldı”.
Azərbaycan və Türkiyə rəsmiləri Suriyanın bundan sonrakı inkişaf prosesində yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar.
Maral Şahverdili
07:17 13.12.2024
Oxunuş sayı: 6033