Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq dərinləşir
Azərbaycan ilə Çex Respublikası arasında son illərdə siyasi və iqtisadi münasibətlər sürətlə inkişaf edir. İki ölkə arasında əməkdaşlıq təkcə ticarət sahəsini deyil, həm də enerji, investisiya və humanitar istiqamətləri əhatə edir. Rəsmi səfərlər və yüksək səviyyəli görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Xüsusilə son illərdə artan ticarət dövriyyəsi və birgə layihələr tərəfdaşlığın geniş potensialını göstərir. Bu proseslər Azərbaycan–Çexiya münasibətlərinin strateji xarakter daşıdığını təsdiqləyir.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı Crossmedia.az-a danışıb. Onun sözlərinə Çex Respublikası hələ 1990-cı illərdə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur və bu iki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur:

"15 sentyabr 2015-ci il tarixində Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Belə ki, Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
2026-cı il aprelin 27-də Azərbaycan ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin inkişafında mühüm tarixi hadisə baş verdi. Həmin gün Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə tərəflərin mətbuata verdikləri bəyanat iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin verdiyi bəyanatda Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun yüksək səviyyədə və dinamik şəkildə inkişaf etməsi, həmçinin, tərəflər arasında üç ay əvvəl Davosda baş tutan ilk görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi yer almışdır.
Çexiyanın Baş nazirinin Azərbaycana bu səfəri iki ölkə arasında əlaqələrin davamlı inkişafının göstəricisidir. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm regional məsələlər, həm də qlobal gündəlikdə duran problemlər müzakirə olunmuşdur. Bəyanatda səslənən əsas məqamlardan biri iqtisadi əməkdaşlıq idi. Ölkə Başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi artıq 800 milyon ABŞ dollarını keçmişdir. Bununla belə, mövcud ticarət strukturunda əsas payı Azərbaycan neftinin ixracı təşkil edir və tərəflər bu strukturu daha balanslı hala gətirmək niyyətindədirlər. Bu məqsədlə, hər iki ölkə üçün qarşılıqlı investisiyaların artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər prioritet kimi müəyyən olunmuşdur".
Deputat əlavə edib ki, Çexiyadan Azərbaycana geniş iş adamları nümayəndə heyətinin gəlməsi və keçirilən biznes forum yeni iqtisadi imkanların formalaşmasına xidmət edəcəkdir:
"“Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Komissiyanın indiyədək 5 iclası keçirilmişdir. Sonuncu iclas 3 mart 2023-cü il tarixində Praqada baş tutmuşdur. Bundan başqa, 2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı və 5-ci ən böyük ixrac məntəqəsi olmuşdur. 1 yanvar 2024-cü il tarixinə Azərbaycanda 33 Çexiya investisiyalı kommersiya qurumu (sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır, onlardan 20-nin fəaliyyəti aktivdir.
Həmçinin, Energetika sahəsi Azərbaycan–Çexiya əməkdaşlığının əsas sütunlarından biri kimi qiymətləndirilir. Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. Bununla yanaşı, Azərbaycan yalnız neft deyil, həm də təbii qaz ixracında Avropa üçün strateji əhəmiyyət kəsb edir. İki ölkənin enerji əməkdaşlığı yalnız ticarət münasibətləri ilə məhdudlaşmır, bu, uzunmüddətli və genişmiqyaslı strateji tərəfdaşlıq kimi dəyərləndirilir. 27 aprel tarixli görüşdə ölkə rəsmilərinin apardıqları danışıqlar zamanı konkret investisiya layihələri və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Bu əməkdaşlıq xüsusilə sənaye və texnologiyalar, nəqliyyat və logistika, alternativ enerji və yaşıl iqtisadiyyat, regional layihələrdə birgə iştirak və sair bu kimi mühüm sahələri əhatə edə bilər.
Azərbaycan bu əməkdaşlığa geniş prizmadan yanaşır və əlaqələrin uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əsas məqsədlərdən biridir.
Beləliklə, 27 aprel 2026-cı il tarixində Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanat Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir. Prezident İlham Əliyevin çıxışı iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu və enerji sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndiriləcəyini açıq şəkildə ortaya qoymuşdur. Bu səfər və verilən bəyanatlar göstərdi ki, Azərbaycan və Çexiya qarşılıqlı maraqlara əsaslanan, uzunmüddətli və çoxşaxəli əməkdaşlıq modelini inkişaf etdirməkdə qərarlıdırlar".
Fatimə
12:25 29.04.2026
Oxunuş sayı: 46