Çikaqoda Azərbaycan Mədəniyyəti Günü qeyd edilib
ABŞ-nin Çikaqo şəhərində yerləşən İllinoys Texnologiya İnstitutunun (Illinois Institute of Technology) Çikaqo-Kent Hüquq Kollecində (Chicago-Kent College of Law) Azərbaycan Mədəniyyəti Günü qeyd olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir kollecin 2024-cü il məzunu Əmiraslan Yusifov, hazırda həmin ali təhsil müəssisəsinin tələbələri olan Banu Quliyeva, Şamama Ələkbərova və Sənan Ramazanovun təşkilatçılığı, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijan Center of Midwest America - ACMA) dəstəyi ilə baş tutub.
Tədbirdə Çikaqo-Kent Hüquq Kollecinin dekanı Ceyson Çarneski, Beynəlxalq Proqramlar üzrə dekan müavini Adam Veber, Türkiyə Respublikasının Çikaqo şəhərindəki Baş konsulu Tahir Bora Atatanır, Baş Konsulluğun təhsil attaşesi professor Fatih Yardımcıoğlu, professorlar Lurin Kontento, Edvard Harris, Sara Rusnak, ACMA nümayəndələri Fərid Məmmədov, Mehriban Məmmədova, İllinoys ştatında yaşayan Azərbaycan icmasının üzvləri, müxtəlif universitetlərin azərbaycanlı, həmçinin çinli, gürcü, hind, ukraynalı, türk və digər millətlərdən olan tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən dekan Ceyson Çarneski bu cür təşəbbüslərin universitet mühitində mədəni müxtəlifliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib.
Beynəlxalq Proqramlar üzrə dekan müavini Adam Veber azərbaycanlı tələbələrin universitet həyatına verdiyi töhfələrdən danışıb, onların akademik və sosial mühitdə fəallığını yüksək qiymətləndirib.
Türkiyənin Çikaqodakı Baş konsulu Tahir Bora Atatanır çıxışında Azərbaycan–Türkiyə qardaşlığının dünyanın hər yerində hiss olunduğunu bildirib.
ACMA-nın nümayəndəsi Mehriban Məmmədova təşkilatçılara, iştirakçılara, eyni zamanda kollecin rəhbərliyinə tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü çatdırıb.
Tədbirin məlumatlandırıcı hissəsində qonaqlara Azərbaycan tarixi, bayrağı, milli-mənəvi dəyərləri, mədəniyyəti və musiqisi haqqında bilgilər verilib, interaktiv oyunlar və viktorinalar təşkil edilib.
Bədii hissədə Orxan Məmmədli (tar) və Tuna Güvənç (qarmon) musiqi nömrələri ilə çıxış edib, Sənan Ramazanov və Nuriyyə Cəfərovanın ifasında milli rəqslərimiz nümayiş olunub. Tədbir “Yallı” rəqsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu kimi tədbirlər ABŞ-də Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin tanıdılması, həmçinin müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



16:07 28.04.2026
Oxunuş sayı: 49