Xəzərdə zəlzələlər niyə bu qədər tez-tez baş verir?
Xəzər dənizində növbəti dəfə 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Ümumilikdə isə bu akvatoriyada belə yeraltı təkanların tez-tez baş verməsi artıq adi hal kimi qəbul olunur.
Lakin bu vəziyyət cəmiyyətdə haqlı olaraq suallar doğurur: Xəzərdə zəlzələlər niyə bu qədər sıx müşahidə olunur? Bu proseslərin arxasında hansı geoloji səbəblər dayanır?
Ən əsası, dənizdə baş verən bu zəlzələlər region üçün hər hansı təhlükə yaradırmı?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlama verib:

“Xəzər dənizində 3, 4, 5, hətta daha güclü maqnitudalı zəlzələlər tez-tez baş verir. Demək olar ki, biz Xəzərdə hər gün zəlzələ qeydə alındığını bilirik.
Lakin bu yeraltı təkanlar dağıdıcı xarakter daşımır. Onlar nə tsunami yaradır, nə sahil xətlərinə ciddi zərər verir, nə də dənizin relyefində hər hansı ciddi dəyişikliklərə səbəb olur”.
Ekoloq əlavə edib ki, zəlzələlərin yaranmasının əsas səbəbi yerləşdiyimiz tektonik plitə üzərində gərginliyin mövcud olmasıdır:
“Bu gərginlik zaman-zaman belə zəif yeraltı təkanlar vasitəsilə tədricən azalır. Ümid edirik ki, daha güclü və dağıdıcı zəlzələlər baş verməz. Xəzərdə müşahidə olunan bu tip zəlzələlərin qorxulu və təhlükəli olması ilə bağlı yayılan fikirlərin isə elmi əsası yoxdur.
Dənizdə baş verən bu zəlzələlər ciddi problem yaratmır. Əgər söhbət 8-9 bal gücündə zəlzələlərdən getsəydi, bu halda müəyyən risklər, o cümlədən tsunami ehtimalı nəzərdən keçirilə bilərdi. Lakin Xəzər dənizində bu cür güclü zəlzələlər indiyədək qeydə alınmayıb”.
Ayhan
10:00 29.04.2026
Oxunuş sayı: 63