Bir həftədə 136 yanğın - niyə bu qədər yanğın hadisəsi baş verir?
Ötən həftə ölkə üzrə fövqəladə hallarla bağlı ümumi vəziyyət intensiv xarakter daşıyıb və müxtəlif istiqamətlərdə çoxsaylı hadisələr qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, bu dövr ərzində ümumilikdə 136 yanğına çıxış, 38 köməksiz vəziyyətdə qalma halı və 4 avtonəqliyyat qəzası üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla 48 nəfərin xilas edilməsi təmin olunub, eyni zamanda 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu statistik göstəricilər fövqəladə hallara operativ müdaxilənin vacibliyini və xilasedici qüvvələrin davamlı fəaliyyətinin əhəmiyyətini bir daha ortaya qoyur.
Bəs maraqlıdır bu qədər mənfi hadisələrin yaranma səbəbləri nələrdi və bu hallardan özümüzü necə qoruya bilərik?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Yanğın hadisələrinin başvermə səbəbləri ümumilikdə çoxşaxəlidir. Mənzillərdə elektrik naqillərinin həddindən artıq yüklənməsi, məişət avadanlıqlarının normadan artıq və düzgün istifadə olunmaması, eləcə də keyfiyyətsiz elektrik quraşdırma işlərinin görülməsi bu kimi hadisələrə ciddi təsir göstərən amillərdir.
Son dövrlərdə elektromobillərin sayının artması da yeni risk faktorları yaradır. Daha sürətli enerji yığmaq məqsədilə bəzi hallarda əlavə naqillərdən istifadə olunması və ya düzgün olmayan qoşulmaların həyata keçirilməsi yanğın təhlükəsini artıran səbəblərdən biri kimi qiymətləndirilir.
Qeyd olunan bütün bu amillər nəticə etibarilə müxtəlif bədbəxt hadisələrin baş verməsinə şərait yarada bilər".
Elmir Heydərli
16:05 27.04.2026
Oxunuş sayı: 787