Qadın zorakılığına qarşı Rumıniya modeli – Bu üsul bizdə də tətbiq oluna bilərmi?
Rumıniyada Konstitusiyaya edilən son dəyişikliklərə əsasən, qadınların cinsinə görə nifrət və məişət zorakılığı zəminində qətlə yetirilməsi hallarında təqsirkar şəxslərə ömürlük həbs cəzasının tətbiqi nəzərdə tutulur. Bu qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub və həm hüquqi, həm də sosial baxımdan müxtəlif yanaşmalar ortaya çıxarıb.
Bir tərəfdən, bu addım dövlətin gender əsaslı zorakılığa qarşı sərt və prinsipial mövqe ortaya qoyduğunu göstərir və potensial cinayətkarlar üçün ciddi çəkindirici mexanizm kimi qiymətləndirilə bilər.
Digər tərəfdən isə sual yaranır: cəzanın sərtləşdirilməsi bu problemin kökündə dayanan səbəbləri aradan qaldırmağa nə dərəcədə qadirdir və ümumiyyətlə, belə yanaşma zorakılığın qarşısını almaqda nə qədər effektivdir?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:

“Ümumən aparılan tədqiqatlar göstərir ki, qanun nə qədər sərt olarsa, bu hər nə qədər bəzən çox böyük effekt verməsə də, yenə də müəyyən təsir gücünə malik olur.
Xüsusilə də, bəzi potensial cinayətkarları cinayət törətməkdən çəkindirir, onları bu addımı atmaqdan saxlayır. Bu isə o deməkdir ki, sərt hüquqi mexanizmlərin müəyyən qədər də olsa preventiv effekti mövcuddur və bunu tam inkar etmək düzgün olmaz. Amma burada bir məsələni başa düşmək çətindir. Əgər söhbət nifrət zəminində və ya məişət zorakılığı kontekstində törədilən cinayətlərdən gedirsə, niyə diqqət əsasən yalnız qadınlara yönəldilir?
Məsələn, eyni məntiqi yanaşma ilə yanaşsaq, uşaqlara qarşı törədilən zorakılıqlar da mövcuddur. Hətta bəzi hallarda kişilərə qarşı da bu cür hadisələr baş verir”.
Hüquqşünas əlavə edib ki, statistik baxımdan qadınlara qarşı zorakılıq halları daha geniş yayılıb və bu, xüsusilə bizim cəmiyyət üçün də aktual problemdir:
“Lakin bu o demək deyil ki, digər qruplar – uşaqlar və ya kişilər – tamamilə diqqətdən kənarda qalmalıdır. Əgər məqsəd həqiqətən zorakılığın qarşısını almaqdırsa, yanaşma daha ümumi və əhatəli olmalıdır.
Yəni qanunvericilik və ictimai yanaşma yalnız bir qrupa deyil, zorakılığa məruz qala biləcək bütün fərdlərə münasibətdə bərabər və sistemli şəkildə tətbiq olunmalıdır.
Bu halda həm hüquqi mexanizmlərin effektivliyi artar, həm də cəmiyyətdə ədalət prinsipi daha dolğun şəkildə təmin olunar”.
Ayhan
13:35 27.04.2026
Oxunuş sayı: 636