Hərbi çağrış sistemindəki korrupsiya halları hərbi xidmətə ictimai inamı necə azaldır?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində korrupsiya ilə bağlı aparılan əməliyyat ölkədə hərbi xidmət prosesində şəffaflıq məsələsini yenidən gündəmə gətirib.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində iki vəzifəli şəxsin saxlanıldığı, onların rüşvət almaqda ittiham olunduğu bildirilir.
İlkin məlumatlara görə, sözügedən qanunsuz halların əsasən vətəndaşların hərbi xidmətdən yayınması məqsədilə həyata keçirildiyi iddia olunur. Bu isə həm çağırış sistemində nəzarət mexanizmlərinin effektivliyi, həm də ümumilikdə institusional şəffaflıqla bağlı sualları aktuallaşdırır.
Baş verən əməliyyatın belə halların qarşısının alınmasına nə dərəcədə təsir edəcəyi isə ictimaiyyət və ekspertlər arasında müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib:

“Bu kimi hallarda əməliyyatlar keçirilir və maarifləndirmə tədbirləri aparılır. Vətəndaşlar da bilməlidir ki, orada aparılan həkim komissiyaları ciddi nəzarətdədir.
Xüsusən də, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi son qərarı verir. Bu məsələnin birdəfəlik kökünün kəsilməsi üçün dövlət məqsədyönlü tədbirlər həyata keçirir.
Təəssüflər olsun ki, bəzi regionlarda bu tip hadisələr olur, bu dünyanın hər yerində olur və hər zaman da olacaq. Azərbaycan yeganə dövlətdir ki, XXI əsrdə qələbə çalaraq suverenliyini bərpa edib. Bu zaman səfərbərlik elan ediləndə biz on minlərlə gəncin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu gördük.
Dünyanın bir çox ölkələrində səfərbərlikdən yayınma halları olur lakin Azərbaycanda gənclər döyüşə getmək istəyir. Belə hallar çox cüzidir. Bu neqativ hallarla da barışmaz mövqe tutmaq və mübarizə aparmaq lazımdır”.
Ayhan
15:35 24.04.2026
Oxunuş sayı: 359