Xəzərin 8-21 metr enməsi region üçün hansı riskləri yaradır?
Xəzər dənizində su səviyyəsinin əsrin ortalarına qədər ciddi şəkildə azalacağı ilə bağlı verilən proqnozlar region ölkələrində narahatlıq doğurmaqdadır.
Mütəxəssislərin açıqlamalarına görə, suyun 8-21 metr arasında enməsi ehtimalı ekoloji tarazlığa, sahilyanı ərazilərə və ümumilikdə Xəzər hövzəsinin sosial-iqtisadi həyatına ciddi təsir göstərə bilər.
Məsələnin aktuallığı Astanada keçirilən Regional Ətraf Mühit Sammitində də xüsusi vurğulanıb.
Bildirilib ki, problemin qarşısının alınması və təsirlərinin minimuma endirilməsi üçün Xəzəryanı beş dövlətin birgə, uzunmüddətli və koordinasiyalı fəaliyyəti zəruridir.
Bununla yanaşı, beynəlxalq təşkilatlar da elmi monitorinq və iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini əhatə edən ortaq fəaliyyət planının hazırlanmasını vacib hesab edirlər.
Məsələ ilə bağlı Ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, Xəzər dənizində səviyyə tərəddüdləri tarixən müşahidə olunmuşdur. Hələ 1977-1978-ci illərdə, orta məktəbdə təhsil aldığım dövrdə, dərsliklərdə və müxtəlif elmi mənbələrdə Xəzərin səviyyəsinin kəskin şəkildə azalacağı, hətta quruyacağı ilə bağlı fikirlər yer alırdı.
Bu istiqamətdə müxtəlif layihələr də irəli sürülmüşdü. Məsələn, Xəzəri qorumaq məqsədilə şimal çaylarının axınını bu hövzəyə yönəltmək, hətta dənizi iki hissəyə bölmək kimi ideyalar müzakirə olunurdu.
1979-cu ildə Qara-Boğaz-qol körfəzi üzərində bənd tikilməsi də bu məqsədlərə xidmət edirdi. Lakin gözlənilmədən fərqli bir proses baş verdi – Xəzər dənizinin səviyyəsi artmağa başladı.
Bunun əsas səbəbi yağıntıların çoxalması və dənizə daxil olan suyun həcminin artması idi. Nəticədə, 1995-ci ildə Bakı bulvarı ərazisində ciddi daşqınlar müşahidə olundu, sahil infrastrukturu zərər gördü.
Hazırda da Xəzərin səviyyəsində azalma meyilləri müşahidə olunur və gələcəkdə daha da enəcəyi ilə bağlı elmi proqnozlar mövcuddur. Lakin bu proqnozların mütləq şəkildə reallaşacağını demək doğru olmaz.
Keçmiş təcrübə göstərir ki, bu cür proqnozlar hər zaman özünü doğrultmur. Bu səbəbdən, Xəzərin səviyyəsinin gələcəkdə necə dəyişəcəyini qəti şəkildə ifadə etmək mümkün deyil.
Eyni zamanda, ehtimal etmək olar ki, müəyyən iqlim şəraitində səviyyə yenidən artım göstərə bilər. Məsələn, cari ildə müşahidə olunan intensiv yağıntılar, xüsusilə Volqa hövzəsində su ehtiyatlarının artması, yaxın 5-6 il ərzində davam edərsə, Xəzər dənizində səviyyə artımı baş verə bilər. 1980-ci illərdə baş verən oxşar proseslər buna nümunədir.
Bəzi elmi proqnozlara görə, Xəzərin səviyyəsi hətta mənfi 33 metr səviyyəsinə qədər enə bilər. Bu isə əhəmiyyətli azalma deməkdir.
Lakin nəzərə almaq lazımdır ki, Xəzər qapalı su hövzəsidir və onun su balansı əsasən daxil olan axınlar və buxarlanma səviyyəsindən asılıdır. Bu amillər isə zamanla dəyişkən xarakter daşıyır.
İqlim dəyişiklikləri buxarlanmanı artırsa da, eyni zamanda qlobal iqlim proseslərinin siklik xarakteri Xəzərin səviyyəsinin yenidən yüksəlməsinə də səbəb ola bilər. Buna görə də, bu məsələ ilə bağlı yekdil və dəqiq proqnoz vermək hazırda mümkün deyil".
Elmir Heydərli
15:00 24.04.2026
Oxunuş sayı: 796