Bakıda məktəbdə sanitar qovşaqda şagird özünə xəsarət yetirib
145 nömrəli tam orta məktəb 7-ci sinif şagirdinin məktəbdə özünə xəsarət yetirməsi ilə bağlı açıqlama yayıb.
Məktəbdən Crossmedia.az-a verilən açıqlamada bildirilir ki, aprelin 23-də 145 nömrəli tam orta məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda özünə xəsarət yetirib.
Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.
Şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri və məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 145 nömrəli tam orta məktəb 7-ci sinif şagirdinin məktəbdə özünə xəsarət yetirməsi ilə bağlı xəbərlər yayılmışdı. İddialara görə, qızın özünə xəsarət yetirməsinin səbəbi anası ilə problemləri olub.
13:40 24.04.2026
Oxunuş sayı: 53