Gediş-gəliş məhdudiyyəti - Quru sərhədlər niyə açılmır?
Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı qalması cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri kimi gündəmdə qalmaqda davam edir.
Pandemiya dövründə tətbiq olunan bu məhdudiyyətlərin hələ də qüvvədə olması, xüsusilə son dövrlərdə insanların diqqətini daha çox cəlb edir və müxtəlif suallar doğurur.
Rəsmi açıqlamalarda isə vurğulanır ki, sərhədlərin bağlı saxlanılması artıq təkcə epidemioloji səbəblərlə deyil, daha çox milli təhlükəsizlik və ölkədə sabitliyin qorunması ilə bağlıdır.
Bu yanaşma, mövcud qərarın arxasında duran əsas prioritetlərin təhlükəsizlik və risklərin qarşısının alınması olduğunu göstərir.
Mövzu ilə bağlı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Crossmedia.az-a açıqlama verib:

“Nə qədər ki, bəzi məmurlar korrupsiya, rüşvətxorluqdan əl çəkməyib, bu belə də gedəcək. Bunların bir məqsədi var ki, bu Azərbaycan xalqını bu dövlətdən narazı salsınlar. Və bu vətənə xəyanətdir. Heç bir problem yoxdur. Bunlar axşam-səhər hər yerə gedib gələ bilirlər. Kasıb təbəqə gedib gələ bilmir. Bu xalqa qarşı hörmətsizlik deyil, həm də xalqı ələ salmaqdır. Mən bunu belə başa düşürəm. Nə hadisə baş verib ki, nə olubdur?
Təyyarə ilə gedəndə nəsə olmur amma quru sərhədlə gedəndə olur? İndi bizim orada yarım milyondan artıq soydaşlarımız var, vətəndaşlarımız var. Ölü yeri var, diri yer var. Bizim öz qohumlarımız, məsələn, mənim əmim qızı da Gürcüstandadır. Ölü yerinə, diri yerinə gedib gələ bilmirik. Buna görə də heç bir əsas görmürəm. Sadəcə bu millətə qarşı həqarətdir, milləti saymamaqdır. Məmurlar biznes yığırlar xalq nə veclərinə? Bunlardan nə çıxacaq? Bunlar milləti fikirləşmir. Camaat gedib heç olmasa, İrandan, gələndə nəsə alıb gətirirdi, ucuz düşürdü. Məsələn, ucuz və keyfiyyətli dərman alırdılar”.
Ayhan
17:15 24.04.2026
Oxunuş sayı: 401