Diplomlu işsizlər ordusu: Ali təhsillilərin sayı artdıqca işsizlik niyə artır?
Diplomlu gənclərin sayı artsa da, əmək bazarında işsizlik problemi hələ də aktual olaraq qalır. Yüksək təhsilə malik minlərlə insan ixtisası üzrə iş tapa bilmir və fərqli sahələrdə çalışmağa məcbur olur.

Bu barədə Crossmedia.az-a danışan fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "diplom var, amma iş yoxdur" fikrinin həm qlobal, həm də yerli əmək bazarının keçdiyi transformasiya dövrünün əksi olduğunu qeyd edib: "Azərbaycandakı vəziyyəti təhlil etsək, problemin diplomun dəyərini itirməsindən deyil, bir neçə struktur uyğunsuzluğundan qaynaqlandığını görə bilərik. Ali təhsil sistemi hələ də əsasən akademik bilik və nəzəriyyəyə fokuslanır. Lakin müasir əmək bazarı diplomdan daha çox funksional bacarıqlar, problemlərin həlli, kritik düşünmə, rəqəmsal savadlılıq, kommunikasiya və s. tələb edir. Yəni texniki və yumşaq bacarıqlar ön plandadır. Diplom artıq işə girmək üçün zəmanət verən sənəd deyil, sadəcə namizədin baza biliklərinin olduğunu göstərən bir sənəddir. Əmək bazarında müəyyən ixtisaslar üzrə, məsələn, hüquqşünaslıq və bəzi iqtisadi ixtisaslarda həddindən artıq kadr bolluğu mövcuddur. Yəni burada tələb və təklif arasında disbalans var. Ali təhsil müəssisələri bazarın real ehtiyaclarını deyil, abituriyentlərin sosial trendlərini izləyərək kvotaları müəyyən edəndə diplomlu işsizlər ordusu yaranır. Hazırda bəzi sahələrdə kadr azlığı olduğu halda, digər sahələrdə kadr artıqlığı müşahidə olunur".
İ.Orucov söyləyib ki, diplomun dəyərini itirməsi kimi görünən hal, əslində onun hamı üçün əlçatan olması ilə bağlıdır: "Keçmişdə ali təhsil bir imtiyaz idisə, bu gün minimum tələbə çevrilib. Bu isə işəgötürənlərin diplomdan daha çox təcrübə və bacarıqlara önəm verməsinə gətirib çıxarır. Digər vacib məsələ universitet–sənaye əməkdaşlığının zəifliyidir. Təhsil proqramları əmək bazarındakı dinamik dəyişiklikləri kifayət qədər çevik izləyə bilmir. Nəticədə universitetlərin verdiyi biliklərlə əmək bazarında tələb olunan biliklər arasında uyğunluq yaranmır və beləliklə diplomlu işsizlər formalaşır. Məsələn, tələbə universitetdə müəyyən məzmun üzrə təhsil alır, amma real iş mühiti artıq daha yeni bilik və bacarıqlar tələb edir. Əgər universitetlər əmək bazarındakı işəgötürənlərlə daha sıx əməkdaşlıq etsə, məzunların işsizlik problemi xeyli azalacaq. Belə olan halda diplom dəyər itirmir, sadəcə öz rolunu dəyişir".
Müsahibin qənaətinə görəı, diplom artıq son hədəf deyil, karyera yolunda yalnız başlanğıc nöqtəsi kimi qəbul olunmalıdır. O qeyd edib ki, problem diplomun özündə deyil, onun məzmunu ilə iş dünyasının tələbləri arasındakı keyfiyyət uçurumundadır.
Fatimə
18:02 23.04.2026
Oxunuş sayı: 52