Büdcə pozuntuları cəzasız qalır - Hesablama Palatasının məlumatları niyə hüquqi nəticə vermir?
Hesablama Palatasının “Dövlət auditi” bülletenində müxtəlif dövlət qurumlarında, o cümlədən Gəncə İcra Hakimiyyəti, Naxçıvan MSK və bir sıra nazirlik və dövlət idarələrində büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi pozuntuların qeyd olunması, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə 176 milyon manatlıq artıq vəsait xərclənməsi barədə məlumatlar son günlər ciddi müzakirələr doğurub.
Paralel olaraq, Maliyyə Nazirliyinin 2025-ci il və 2026-cı ilin ilk rübündə 157 nəzarət obyektində maliyyə pozuntularının aşkarlanması ilə bağlı açıqlaması da bu narahatlığı daha da gücləndirir.
Bu qədər iri məbləğli pozuntuların üzə çıxmasına baxmayaraq, ictimaiyyət arasında əsas sual dəyişmir: yeyinti hallarında iştirak edən şəxslər niyə məsuliyyətə cəlb olunmur və niyə bu cür hallar davam edir?
Mövzu ilə bağlı Ağ partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama vetrib:
“Mən ümumiyyətlə Hesablama Palatasının son illərdəki fəaliyyətini izləyirəm və təbii ki, bunu təqdir edirəm. Çünki bir çox hallarda onlar müxtəlif dövlət strukturlarında büdcədən ayrılan vəsaitlərin effektiv xərclənməsi, ümumiyyətlə xərclənməsi ilə bağlı audit aparırlar.

İlk baxışda görünən odur ki, kifayət qədər qüsurlar ortaya qoyulur, ört-basdır edilmir. Hətta bir çox hallarda özləri birbaşa pozuntularla bağlı hüquq-mühafizə orqanlarına, əsasən prokurorluğa məlumat verirlər. Amma təəssüflə qeyd etməliyik ki, bu qurumun ortaya çıxardığı nəticələrin hüquqi nəticələrini görmürük.
Bilmirəm, bəlkə də daha üstüörtülü formada iqtidar daxilində müəyyən məsələlər həll olunur, hansısa cəzalandırmalar həyata keçirilir, yaxud dövlət vəsaitlərinin geri qaytarılması üçün addımlar atılır.
Amma hələlik biz bunu rəsmi şəkildə görməmişik və ya bu barədə açıq məlumat yoxdur. Halbuki, belə məlumatların olması daha yaxşı olardı”.
T.Abbaslı qeyd edib ki, yəni sual yaranır: məmurlar niyə hələ də pozuntular edir?
“Bu sualın cavabı əslində aydındır - cəzasızlıq. Çünki cəzasızlıq şəraitində pozuntuların davam etməsi qaçılmazdır. Məsələn, Hesablama Palatasının yoxladığı nazirliklərdə və ya agentliklərdə kimlər məsuliyyətə cəlb olunub? Kimlər həbs olunub ki, digərləri də bundan nəticə çıxarsın?
Qanunun çəkindirici gücü olmalıdır. Bu, bir növ qorxu amilidir. Əgər belə bir mexanizm işləmirsə və heç kim cəzalandırılmırsa, təbii ki, növbəti qurumlar da eyni pozuntuları davam etdirəcəklər.
Nəticədə isə bu israfın yükü cəmiyyətin üzərinə düşür. Çünki hər bir dövlət qurumunda yüz milyonlarla manat artıq xərc və ya korrupsiya halları baş verirsə, bunlar ilin sonunda milyardlarla vəsaitə çevrilir. Bu boşluq isə vətəndaşlara əlavə vergilər, cərimələr və ya iş yerlərinin ixtisarı kimi qayıdır.
Ona görə də, biz hesab edirik ki, auditin aparılması müsbət haldır, yoxlamalar vacibdir. Amma bunun mütləq hüquqi nəticəsi və hüquqi cavabı da olmalıdır.
İndi gözləyək, bəlkə yaxın vaxtlarda prokurorluq tərəfindən bu məsələlərlə bağlı məlumat veriləcək — müxtəlif qurumlarla bağlı işlərin başlanıldığı, istintaqın getdiyi, saxlanılan şəxslərin olduğu və ya dövlət vəsaitlərinin geri qaytarıldığı barədə. Hələlik isə belə məlumatlar yoxdur və bu da təəssüf doğurur”.
Ayhan
13:35 23.04.2026
Oxunuş sayı: 62