Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan amili – Regionda sülh prosesi hansı mərhələdədir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, xüsusilə qonşu dövlətlərlə münasibətlərin sağlam əsaslar üzərində qurulmasının prioritet olduğunu qeyd edib.
Prezident bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır və bu proses Azərbaycanla sıx koordinasiya şəraitində həyata keçirilir. Onun sözlərinə görə, normallaşma prosesi mərhələli şəkildə davam etdirilir.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Münaqişə dövründə uzun müddət, xüsusilə də Ermənistanı dəstəkləyən xristian dünyası – başda ABŞ və Avropa Birliyinin aparıcı ölkələri – çalışırdı ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən ayrı saxlanılsın.
Ermənistan da daim bu mövqeni müdafiə edirdi. Lakin reallıq ondan ibarət idi ki, Türkiyə-Ermənistan münasibətləri birbaşa Azərbaycanla münasibətlərdən asılı idi.

Belə ki, Türkiyənin Ermənistanla sərhədləri bağlaması məhz Azərbaycanın Qarabağ torpaqlarının işğalı ilə bağlı idi.
Xüsusilə, Kəlbəcərin işğalından sonra bu proses sürətləndi və sərhədlər tam bağlandı. Həmin dövrdən etibarən iki ölkə arasında nə diplomatik münasibətlər, nə də sərhəd ticarəti mövcud olub.
2009-cu ildə sabiq prezident Serj Sarkisyan dövründə ABŞ-ın təşəbbüsü ilə münasibətlərin normallaşdırılması istiqamətində addım atıldı və İsveçrədə protokollar imzalandı.
Bu prosesdə ABŞ-ın əsas məqsədi Türkiyə-Ermənistan münasibətlərini Azərbaycan-Ermənistan münaqişəsindən ayırmaq, bununla da Azərbaycanın mövqelərini zəiflətmək və Ermənistanı blokadadan çıxarmaq idi. Həmin dövrdə prosesə ABŞ-ın dövlət katibi Hillari Klinton rəhbərlik edirdi.
Lakin bu protokollar sonradan reallaşmadı. Sənəd Ermənistanın Konstitusiya Məhkəməsinə göndərildi və siyasi səbəblərlə onun guya Konstitusiyaya uyğun olmadığı əsas gətirilərək parlamentdə ratifikasiyasına imkan verilmədi.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bir neçə dəfə cəhd göstərdi.
Rəsmi İrəvan proseslərin bir-birindən asılı olmadığını iddia edərək, şərtsiz şəkildə sərhədlərin açılmasına çalışdı. Hətta Marqara sərhəd-keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları üçün açılması təşəbbüsü irəli sürüldü və müəyyən təmaslar baş tutdu. Lakin bu günədək həmin keçid məntəqəsi açılmayıb.
Bu fakt bir daha göstərir ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən birbaşa asılıdır və proseslər paralel şəkildə inkişaf edir. Birində baş verən dəyişiklik digərinə təsirsiz qalmır.
Əsas həlledici mərhələ məhz Azərbaycan-Ermənistan münasibətləri kontekstində formalaşır. Münaqişənin bitməsi və sülh gündəliyinin irəliləməsi ilə diplomatik münasibətlərdə də yumşalma müşahidə olunmağa başladı.
Azərbaycan bu prosesi praktik müstəvidə dəstəklədi – regionda nəqliyyat-kommunikasiya xətləri tədricən açıldı, Ermənistan üçün iqtisadi imkanlar genişləndi.
Müxtəlif ölkələrdən, o cümlədən Rusiya və Qazaxıstandan yüklər Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılmağa başlandı ki, bu da sülhə doğru real addım idi.
Bu fonda Türkiyə ilə münasibətlərdə də müəyyən irəliləyişlər müşahidə olundu, qarşılıqlı təmaslar intensivləşdi və ilkin razılaşmalar əldə edildi.
Lakin buna baxmayaraq, Marqara sərhəd-keçid məntəqəsi hələ də fəaliyyətə başlamayıb.
Bu isə onu göstərir ki, Türkiyə məsələyə həssas yanaşır və Ermənistanla münasibətləri Azərbaycanla koordinasiyalı şəkildə inkişaf etdirir.
Bu yanaşma Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir: Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəri kimi qəbul olunur.
Bu səbəbdən, prosesləri bir-birindən ayırmaq cəhdləri uğursuzdur. Əksinə, regional münasibətlər koordinasiyalı şəkildə inkişaf edir.
Türkiyə-Ermənistan yaxınlaşmasının mümkün olmasının əsas səbəbi də Azərbaycan-Ermənistan münasibətlərində normallaşma istiqamətində atılan addımlardır.
Perspektivdə sərhəd-keçid məntəqələrinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən dəmir yollarının bərpası planlaşdırılır.
Bu isə Ermənistan iqtisadiyyatı üçün mühüm imkanlar yaradır. Türkiyə vasitəsilə Ermənistanın həm Avropaya, həm də Aralıq dənizi hövzəsinə çıxışı genişlənə bilər.
Lakin bütün bu perspektivlər yenə də Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafından asılıdır. Bu vəziyyət Ermənistanı da sülh müqaviləsinin imzalanmasına və daxili hüquqi islahatlara, o cümlədən konstitusiya dəyişikliklərinə sövq edir.
Gözlənilir ki, sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə-Ermənistan münasibətlərində mövcud məhdudiyyətlər qısa müddətdə aradan qalxacaq.
Digər mühüm istiqamət isə regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasıdır. Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatına Ermənistanın da qoşulması perspektivi müzakirə olunur.
Bu, Cənubi Qafqazda yeni təhlükəsizlik modelinin – “Qafqaz evi” konsepsiyasının formalaşmasına zəmin yarada bilər.
Bu məsələlər Antalya Diplomatiya Forumu çərçivəsində də müzakirə olunub və müəyyən razılaşmalar əldə edilib. Lakin bu təşəbbüslərin daha sürətli həyata keçirilməsi Ermənistanın daxili siyasi proseslərindən, xüsusilə parlament seçkilərinin nəticələrindən asılı olacaq".
Elmir Heydərli
17:03 20.04.2026
Oxunuş sayı: 57