İran atəşkəs dövründə raket və PUA arsenalını bərpa edib
ABŞ və İran arasında elan edilmiş müvəqqəti atəşkəs rejimindən Tehranın hərbi potensialını gücləndirmək üçün istifadə etdiyi məlum olub.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Məcid Musavi bildirib ki, İran tərəfi atəşkəs müddətində raket qurğuları və pilotsuz uçuş aparatlarının (PUA) ehtiyatlarını sürətlə tamamlayıb.
Musavi qeyd edib ki, ABŞ və İsrail öz hərbi ehtiyatlarını bərpa etmək üçün silahları dünyanın digər nöqtələrindən gətirməyə məcbur olduqları halda, İran daxili istehsal sayəsində arsenalını hələ atəşkəs başa çatmamış yeniləməyə nail olub. "Düşməndən fərqli olaraq, biz döyüş qabiliyyətimizi qısa müddətdə bərpa etdik", – deyə komandan vurğulayıb. Xüsusilə "Fateh" və "Xeybər-şekan" tipli raketlərin yeni qurğularının döyüş növbətçiliyinə hazırlandığı bildirilir. Analitiklər hesab edirlər ki, bu bəyanat İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar fonunda Tehranın hərbi üstünlüyü qorumaq və potensial hücumlara qarşı hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
23:34 19.04.2026
Oxunuş sayı: 347