Səs- küy yarada biləcək açıqlama: Qadınların liderlik keyfiyyətlərini inkişaf etdirmələri kişiləri əzmək hesabına olmamalıdır
Qadınların cəmiyyətdə rolu və liderlik mövqeləri son illər daha çox müzakirə olunan aktual mövzulardandır. Gender bərabərliyi və qadınların ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı fikir mübadilələri də davam edir. Cəmiyyətin inkişafında qadınların iştirakı və onların liderlik potensialı xüsusi önəm daşıyır.

Bu kontekstdə sosioloq Naib Niftəliyev Crossmedia.az-a açıqlamasında qadınların ictimai həyatda və idarəçilikdə yerinə dair fikirlərini bölüşüb.O, qadınların cəmiyyətdə sağlam və aparıcı mövqeyinin həmişə önəmli olduğunu vurğulayıb: "Qadın təbii ki, həm ana, həm valideyn, həm də bacı olaraq cəmiyyətdə hər zaman mərkəzi mövqedədir. Və hər zaman deyilir ki, kişilər nə qədər sağlam təşkilatçı və önə keçsələr belə, hər bir güclü kişinin arxasında müəyyən bir qadın dayanır və eyni zamanda hər bir güclü qadının arxasında da müəyyən bir kişi dayanır. Yəni bu baxımdan qadın liderliyi fenomeni yeni deyil və tarixən kifayət qədər uğurlu və təcrübədə özünü doğrultmuşdur. Həm siyasətdə, həm iqtisadiyyatda, həm ictimai fəaliyyətdə lider kimi özünü təsdiqləyən çoxsaylı qadın nümunələri var. Cəmiyyətin yarısını və bir qədər artığını məhz qadınlar təşkil edir və ona görə də qadınların liderliyinə normal və təbii yanaşmaq doğrudur. Düşünürəm ki, zaman keçdikcə qadınlar bu liderliyin məsuliyyətini və dəyərini daha yaxından hiss edirlər və özlərini ifadə etmək üçün həm siyasətdə, həm cəmiyyətdə, həm də dövlət strukturlarında müvafiq mövqeləri tutaraq idarəçilikdə nizam və düzən yarada bilirlər. Ümumiyyətlə, qadınların rəhbər mövqeyə gəlməsi daha çox şəxsi keyfiyyətdir və burada qadınların arxa planda qalması və ya kölgədə qalması heç də onların liderlikdən kənarda qalması demək deyil. Təbii olaraq kişi və qadın davranışında müəyyən fərqlər var. Məsələn, sosial psixologiyada Karl Yunqun təsnifatı bu baxımdan çox məşhurdur. Onun təsnifatına görə cəmiyyətdə qərar qəbul edə bilənlərin üçdə ikisini kişilər, üçdə birini isə qadınlar təşkil edir. Yəni rasional keyfiyyət baxımından kişilər qadınlardan bir qədər üstün hesab edilir, amma bu, emosional davranışlarda qadınların daha fəal olmasına gətirib çıxaran bir xüsusiyyətdir. Belə ki, hər üç qadından biri daha rasional qərar verə bilir. Bu, təbii fizioloji və psixoloji keyfiyyətlərlə bağlıdır və praktikada da öz təsdiqini tapmış məsələdir. Ümumi bir statistika götürsək, görərik ki, qadınlar nə qədər fəal olsalar belə, qərarvermə prosesində kişilərin rolu daha çox ön plana çıxır və buna görə də qadınlar qərarları daha çox qarşılıqlı münasibət və emosional yanaşma ilə qəbul etməyə çalışırlar".
Sosioloq hesab edir ki, bu, təkcə fərdi münasibət deyil, həm də cəmiyyətdə qarşılıqlı tarazlığın göstəricisidir: "Qadınların qərarverici mövqelərə gəlməsində həm qadınlara, həm də kişilərin bərabər dəstəyi çox önəmlidir. Bir qadın qərar verə bilirsə, niyə də bu mövqeyə gəlməsin? İdarəçiliyi bacaran şəxsə bu keyfiyyət baxımından dəstək mütləqdir. O keyfiyyətin daşıyıcısı olan qadınların önə çıxması vacibdir. Amma bunun süni şəkildə kvota hesabına həyata keçirilməsi qətiyyən doğru deyil. Ola bilər ki, qadınlar qərarverici məsələlərdə artıq son sözü deyən insanlar olsunlar və zaman keçdikcə qadının cəmiyyətdə dəyəri və şəxsi azadlıqlarının genişlənməsi bu prosesi daha da gücləndirir. Bu baxımdan qadın dəyərlidir və onun mənəvi hökmranlığı daha ciddi məsələdir. İstəsəniz, hər bir insanı qadın, yəni ana tərbiyə edir".
N.Niftəliyev əlavə edib ki, ana tərbiyəsi ata tərbiyəsi qədər vacibdir və bir ailədə mərkəzi nöqtə hesab olunur: "Ana olan qadınlar təbii olaraq liderdirlər, sadəcə bu liderliyi bir qədər kölgədə saxlayırlar. Liderlik məsuliyyətində qadınların çox yüklənməsi də düzgün deyil. Bunun təbii potensialına və gücünə uyğun olması vacibdir. Amma bu istiqamətdə hər hansı məhdudiyyət qoymaq da doğru deyil. Və təbii ki, ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi prosesində qadınların da fəallığı çox vacib və önəmlidir. Düşünürəm ki, istər Azərbaycan cəmiyyətində, istər dünya siyasətində qadınların liderlik keyfiyyətini təsdiqləyən çoxsaylı nümunələr var. Onlar bu keyfiyyəti uğurla nümayiş etdirirlər. Ümumilikdə fərd olaraq kişi də, qadın da bərabərdir və hər kəsin liderlik haqqı qanunla qorunur. Müəyyən hallarda qadınların liderlik mövqelərində olması cəmiyyəti daha harmonik və nizamlı şəkildə inkişaf etdirir. Hər kəs öz yerini bildikdə, liderliyin qadın və ya kişi tərəfindən həyata keçirilməsi əsas deyil. Bir ifadə var: “aslanın erkəyi də aslandır”. Yəni qadın bu idarəçilik və qabiliyyətə malikdirsə, liderdirsə, cəmiyyət tərəfindən hörmətlə, izzətlə, əxlaq və mədəniyyət çərçivəsində qəbul olunmalıdır və liderlik keyfiyyətini daşıyırsa, ən önəmli mövqeləri tutmalıdır".
Ekspert sonda deyib: "Azərbaycan cəmiyyətində qadınların rolu, dəyəri və əhəmiyyəti çox mühümdür. Dövlət də bu məsələni dəstəkləyir. Cəmiyyətdə qadınlar həm təhsildə, həm də müxtəlif sahələrdə daha yüksək göstəricilər nümayiş etdirirlər və təhsilli qadınların sayı artmaqdadır. Bu şərtlər daxilində qadınlar liderlik keyfiyyətlərini inkişaf etdirirlərsə, bunu yalnız alqışlamaq olar, amma bu liderlik kişiləri əzmək hesabına olmamalıdır. Harmonik şəkildə, etik çərçivədə davam etməlidir".
Fatimə
19:19 15.04.2026
Oxunuş sayı: 337