Azərbaycanda eyni marka daxilində avtomobillərin qiymət fərqləri niyə yüksəkdir? - Açıqlandı
Avtomobil bazarında qiymət fərqləri və nəqliyyat vasitələrinin dəyər itirmə sürəti son illər Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə eyni marka və model daxilində müşahidə edilən kəskin qiymət fərqləri alıcılar arasında suallar yaradır. Digər tərəfdən, yeni avtomobillərin ilk illərdə nə qədər dəyər itirməsi də tez-tez gündəmə gələn məsələlərdəndir.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev bu barədə Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanda eyni marka daxilində avtomobillərin qiymət fərqlərinin yüksək olmasının əsas səbəbi ilk növbədə komplektasiya səviyyələri və texniki xüsusiyyətlərdir: "Eyni modelin baz versiyası ilə tam təchizatlı (full option) versiyası arasında mühərrik həcmi, ötürücü sistemi, təhlükəsizlik paketləri və əlavə funksiyalar baxımından ciddi fərqlər olur ki, bu da qiymətə birbaşa təsir edir. Əlavə olaraq ölkəyə idxal olunan avtomobillərin bir hissəsinin fərdi sifarişlə gətirilməsi, bəzilərinin isə müxtəlif ölkələr üçün nəzərdə tutulmuş fərqli spesifikasiyalarla (məsələn, ABŞ, Koreya, Avropa bazarı) olması qiymət variasiyasını artırır. Həmçinin gömrük rüsumları, aksiz dərəcələri (xüsusilə mühərrik həcminə görə dəyişən), logistika xərcləri və satış zamanı tətbiq olunan kommersiya əlavələri də eyni model daxilində fərqli qiymətlərin formalaşmasına səbəb olur. İkinci tərəfdən isə avtomobilin yürüşü, texniki vəziyyəti, qəza keçmişi və hətta rəngi kimi amillər də ikinci əl bazarda qiymət fərqini daha da genişləndirir".
Ekspert vurğulayıb ki, ilk 3 ildə avtomobillərin 20–30% dəyər itirməsi qlobal bazarda normal və qəbul olunmuş bir göstəricidir: " Lakin Azərbaycanda bu proses bəzi hallarda daha sürətli gedə bilər. Bunun əsas səbəbləri sırasında bazarın kiçik olması, alıcılıq qabiliyyətinin məhdudluğu, kredit şərtlərinin təsiri, eləcə də ikinci əl avtomobillərə olan üstünlük və yeni avtomobillərin rəsmi dilerlər tərəfindən nisbətən yüksək qiymətlərlə satılması dayanır. Nəticədə yeni alınmış avtomobil bazardan çıxan kimi qiymətinin daha tez enməsi müşahidə olunur. Xüsusilə də likvidliyi zəif olan və ya ehtiyat hissələri baha olan modellərdə bu amortizasiya daha kəskin hiss edilir, ümumilikdə isə bu proses həm qlobal tendensiyaların, həm də yerli bazarın spesifik xüsusiyyətlərinin kombinasiyası kimi qiymətləndirilməlidir".
Fatimə
19:23 14.04.2026
Oxunuş sayı: 170