Məktəblərdə QR kod sistemi - təhsilin inkişafına necə təsir edəcək?
Müasir dövrdə təhsil sistemində rəqəmsal texnologiyaların tətbiqi idarəetmənin daha çevik və şəffaf təşkilinə imkan yaradır.
Bakı şəhərində məktəblərdən birində QR kod əsaslı davamiyyət sisteminin tətbiqi də bu istiqamətdə atılan innovativ addımlardan biri kimi qiymətləndirilə bilər.
Bu cür yanaşma şagirdlərin dərsə davamiyyətinə operativ nəzarəti təmin etməklə yanaşı, valideynlərin də məlumatlandırılması baxımından yeni imkanlar açır.
Bu baxımdan, sözügedən sistemin təhlükəsizlik və davamiyyətə təsiri, eləcə də onun daha geniş miqyasda tətbiqinin məqsədəuyğunluğu məsələsi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib:

"Belə bir sistemin tətbiqi, düşünürəm ki, ən azı məktəbə aid olan kontingentin – yəni təhsil alanlar, təhsil verənlər, eyni zamanda texniki işçilər və idarəetmə heyətinin – konkret olaraq sistem üzərindən təhsil prosesinə daxil olmasını və yaxud bu prosesin daha effektiv təşkilini özündə ehtiva edir. Bu da, əlbəttə ki, təcrübə baxımından olduqca vacib hesab edilə bilər.
Təbii ki, sistem özünü doğruldarsa, gələcəkdə digər təhsil müəssisələrində də tətbiq etmək mümkündür. Həmin məktəb üzərində bunu ilkin mərhələdə pilot layihə kimi qiymətləndirib, daha sonra tədricən digər məktəblərdə də tətbiq etmək olar".
Ekspert əlavə edib ki, sadəcə, burada vacib məqamlardan biri ondan ibarətdir ki, həmin QR kod şagirdlər tərəfindən başqalarına ötürülməsin və yaxud üçüncü şəxslər tərəfindən əldə edilərək məktəbə daxil olmaq məqsədilə istifadə olunmasın:
"Eyni zamanda, QR kodun başqaları tərəfindən ələ keçirilməsi və sistem üzərindən hər hansı sızma hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülərsə, düşünürəm ki, bu, mütərəqqi bir layihə olar".
Ayhan
15:00 14.04.2026
Oxunuş sayı: 293