Azərbaycan efir məkanında siyasi debatlar: Peşəkar müzakirə, yoxsa ucuz şou?
Müasir informasiya mühitində televiziya debatları cəmiyyətin siyasi maariflənməsi, ictimai rəyin formalaşması və fərqli baxışların toqquşması baxımından mühüm platforma rolunu oynayır. Azərbaycanda da son illər siyasi mövzulu verilişlərin və müzakirə proqramlarının sayı artsa da, onların keyfiyyəti, peşəkarlıq səviyyəsi və real debat formatına uyğunluğu tez-tez müzakirə predmetinə çevrilir.
Bəs görəsən, ölkədə siyasi debat verilişlərinin mövcud vəziyyəti hansı səviyyədədir? Bu proqramların keyfiyyətinə təsir edən əsas amillər nələrdir və onların inkişafı üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı media eksperti ilə həmsöhbət olduq.
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a müsahibə verib:
– Azərbaycanda siyasi debat verilişlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
– Əlbəttə, bu gün Azərbaycan efirində telekanallarda siyasi mövzularda verilişlər, müzakirələr, talk-şoular və debat proqramları müəyyən yer tutur. Bu, mövcud reallıqdan irəli gəlir. Çünki beynəlxalq vəziyyət, gedən gərgin proseslər, müharibələr, toqquşmalar və qarşıdurmalar insanları düşündürür. Xüsusən bizə yaxın regionda baş verən hadisələr və Azərbaycanın taleyinə təsir edə biləcək məsələlər ətrafında debatların təşkili təbiidir. Çünki cəmiyyətin siyasi maariflənməyə ciddi ehtiyacı var. Lakin geniş və klassik mənada bu müzakirələri debat adlandırmaq çətindir. Çünki debat müəyyən texnologiya və format tələb edir. Bu baxımdan həmin format tam şəkildə müşahidə olunmur.
– Sizcə, debatların keyfiyyətinə təsir edən əsas amillər hansılardır?
– Bu gün İTV-də, AzTV-də, özəl kanallarda və Real TV-də müxtəlif formatlı müzakirələr mövcuddur. Lakin onların səviyyəsi eyni deyil. Kanallara görə yanaşma dəyişir – məsələn, ATV bir formatda təqdim edir, ARB isə fərqli mütəxəssislərlə başqa formada işıqlandırır. Burada əsas problemlərdən biri politoloji düşüncə baxımından bir-birinə çox da yaxın olmayan insanların eyni proqramda yer almasıdır. Bu, verilişin ümumi səviyyəsinə və müzakirə mühitinə birbaşa təsir edir və bəzən tamaşaçı narazılığına səbəb olur.
– Aparıcıların peşəkarlığı debatın gedişinə nə dərəcədə təsir edir?
– Aparıcının rolu olduqca vacibdir. Təəssüf ki, bəzi hallarda aparıcılar mövzunu dərindən bilmədiklərinə görə öz fikirlərini iştirakçılara yönəltməyə çalışırlar. Bu isə düzgün yanaşma deyil. Moderator yönəldici yox, idarəedici olmalıdır. O, müzakirəni elə idarə etməlidir ki, mövzu tam əhatə olunsun, müxtəlif aspektlərdən təhlil edilsin və tamaşaçı üçün aydınlıq yaransın.

– Debatlarda balans və obyektivlik prinsipi qorunurmu?
– Ümumilikdə, fərqli fikirlərin təqdim olunmasına şərait yaradılır. Bu baxımdan balans müəyyən qədər qorunur. Amma iştirakçıların səviyyə fərqi və bəzən qeyri-peşəkar yanaşmalar bu balansın keyfiyyətinə mənfi təsir göstərə bilir.
– Siyasi debatlarda fikir plüralizmi yetərincə təmin olunurmu?
– Bəli, fikir plüralizmi müəyyən qədər mövcuddur. Bu proqramlarda müxtəlif, hətta bir-birinə zidd fikirlər səsləndirilir. Bu da normaldır və təbii qarşılanmalıdır. Çünki debatın mahiyyəti məhz fərqli mövqelərin toqquşmasıdır.
– Tamaşaçı marağının aşağı və ya yüksək olmasının səbəbləri nələrdir?
– Tamaşaçı marağı birbaşa verilişin keyfiyyətindən asılıdır. Əgər müzakirə dərin və peşəkar səviyyədə aparılmırsa, bu, tamaşaçını qane etmir. Xüsusilə Türkiyə televiziyaları ilə müqayisədə bizdə debatların analitik dərinliyi o qədər də hiss olunmur. Halbuki beynəlxalq mövzular üzrə şərhlər və təhlillər daha sistemli və əsaslandırılmış olmalıdır.
– Sosial şəbəkələr debat verilişlərinin inkişafına necə təsir edir?
– Ümumiyyətlə, bu cür müzakirələr spesifik bilik, fərqli yanaşma və ciddi hazırlıq tələb edir. Bu hazırlıq olmadıqda verilişin səviyyəsi aşağı düşür. Azərbaycanda isə ümumilikdə ekspert çatışmazlığı mövcuddur – bu, təkcə siyasi deyil, iqtisadi, elmi və mədəni sahələrdə də hiss olunur. Bu baxımdan, həm televiziya platformaları, həm də ümumi media mühiti, o cümlədən sosial platformalar bu formatın inkişafına töhfə verməli, keyfiyyətli kontent üçün zəmin yaratmalıdır. Gələcəyə baxış baxımından televiziyalar bu sahədə daha peşəkar yanaşma formalaşdırmalı və auditoriyaya daha keyfiyyətli məhsul təqdim etməlidirlər
20:17 14.04.2026
Oxunuş sayı: 60