C-130 qəzasının səbəbi açıqlanır
Gürcüstan–Azərbaycan sərhədində baş vermiş və 20 hərbçinin həlak olduğu Lockheed C-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsi qəzası ilə bağlı texniki araşdırmanın ilkin nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kayseri və Eskişehirdə aparılan analizlər göstərib ki, təyyarənin mühərrikləri və əsas sistemləri qəza anına qədər normal işləyib.
Uçuş məlumat yazıcısının (FDR) qeydlərinə əsasən, hadisə qəfil baş verib və quyruq hissəsinin qopması ilə məlumat axını dayanıb. Araşdırma zamanı dörd mühərrikin və pər sisteminin tam güclə işlədiyi müəyyən edilib. Həmçinin, kriminal ekspertiza nəticələrinə görə qalıqlarda partlayıcı maddə izinə rast gəlinməyib.
Mütəxəssislər qəzanın mümkün səbəbi kimi təyyarədə yerləşən xilasetmə salı mexanizmini nəzərdən keçirirlər. Ehtimala görə, qanadın üst hissəsində yerləşən karbon qazı balonu yerindən çıxaraq təyyarənin quyruq hissəsinə dəyib, stabilizatorlara zərər verib və nəticədə idarəetmə itirilib.
Hazırda metalurji analizlər və mexanizm üzrə laborator tədqiqatlar davam edir. Yekun nəticənin texniki hesabat tamamlandıqdan sonra açıqlanacağı bildirilir.


19:27 13.04.2026
Oxunuş sayı: 57