400-dən çox itin taleyi təhlükədə – sığınacaq bağlanma riski ilə üz-üzə
Zaqatala rayonunda fəaliyyət göstərən və 400-dən çox itin sığındığı sığınacaq ciddi təhlükə ilə üz-üzə qalıb.
İllərdir sahibsiz və yaralı heyvanlara ev olan bu məkanda gələcək qeyri-müəyyən vəziyyətə düşüb. Sığınacaq rəhbərliyi isə vəziyyətdən çıxış üçün təcili dəstəyə ehtiyac olduğunu bildirir.
“Naynuxana” adlı sığınacağın sahibi, heyvansevər Nizami Ramazanov Crossmedia.az-a məsələ ilə bağlı açıqlama verib:
“Sığınacağımız 5 ildir fəaliyyət göstərir. Zootexniki işdə bacım və mən sığınacağı yaratmışıq, idarə edirik. Sığınacağın sahibləri bizik və burada yaşadığımız rayondan və ətraf rayonlardan maşın vuran, zəhərlənən, güllələnən, köməyə möhtac, xəstə, yaralı, şikəst heyvanlarla bağlı bizə zənglər gəlir. Gedib götürürük.
Yəni bu minvalla say artıb, sığınacaqda 400 it var. Heyvansevərlərin köməyi ilə 5 il öncə icarə əsasında bu yeri götürmüşük. İllik icarəsi 4000 manatdır, 3 aydan bir aksiyalar edirik, 1000 manat yer pulunu veririk. Müqavilə yoxdur, belə ki, orada yerin sənədlərində problem olduğu üçün bura girərkən müqavilə bağlamadıq”.

Müsahib həmçinin sığınacaqda 5 il ərzində böyük tikinti işlərinin aparıldığını, təxminən 40 min manatlıq iş görüldüyünü deyib:
“Heyvansevərlərin dəstəyi ilə ərazidə itlər üçün böyük naveslər, otaqlar tikmişik. Bu vəziyyətlə bağlı əslində gözlənilən idi - başqasının yerində bu qədər iş görmək... Təbii ki, bu yer üçün sahibindən icazə alınmışdı. Demişdik ki, sökülərsə, söküb aparacağıq. İndi bu mövcud vəziyyət yarandı.
Bəzi suallar yarandı, biz çalışdıq o suallara cavab tapaq. Məlum oldu ki, bu yer sahibi oranı yüksək məbləğə satmaq istəyir. Bu məbləğ 120.000 manatdır. Təbii ki, biz o qiymətə oranı ala bilmərik. Ona görə vəziyyət gəlib bugünkü həddə çatıb.
Səbəb isə yer sahibinin oranı satmaq istəməsidir. İndi müəyyən bir vaxt almışıq, yer sahibindən icazə almışıq. Oturub gözləmək olmaz, biz nə vaxt çıxarıqsa, onda çıxacağıq. Biz oradan çıxsaq, aqibəti təbii ki, çox fəlakət olar. Yəni heyvanlar və insanlar üçün böyük problem yaranar, ətraf mühit üçün də böyük fəlakət olar”.
N. Ramazanovun sözlərinə görə, sığınacaqda yaralı, şikəst, əlil və xəstə heyvanlarla yanaşı, aqressiv itlər də var:
“Aqressiv itlər var ki, o küçələrdən bizə şikayətlər gəlibdir. Camaat zəng vurub ki, filan yerdə it var, onu güllələyəcəyik, öldürəcəyik, zəhərləyəcəyik, insanlara hücum edir. Elə itləri biz gedib götürmüşük, sığınacaqda baxırıq. O itlər əslində əvvəllər sahibi tərəfindən vəhşiləşdirilmiş, döyüşdürülmüş, quyruğu və qulağı kəsilmiş, bir şəkildə aqressiv hala gətirilən itlərdir.
Biz onlara burada şərait yaradıb baxırıq. Onların yenidən küçəyə qayıtması problem yaradar. Həqiqətən də insanlara təhlükə yaradar, özləri də ölə bilərlər.
Ona görə biz düşünürük ki, aidiyyəti qurumlar, iş adamları, imkanlı şəxslər və xeyirxah insanlar kömək və dəstək göstərsinlər ki, bu çətin vəziyyətdən çıxış yolu tapsınlar, ən azından yerlə bağlı dəstək olsun.
Buranın məsələsi yerlə bağlı həll olunur. Bu qədər böyük ərazidə tikinti işləri aparılıb, orası sökülməli, sonra daşınmalı, sonra yenidən tikilməlidir. Bunlar hamısı böyük maliyyə dəstəyi tələb edəcək.
Ona görə dəstəyə və köməyə ehtiyac var. Bağlanarsa, o şikəst itlərin aqibəti çox çətin olar, vəziyyətləri yaxşı olmaz. Həyatları təhlükə altında olar, hamısı ölə bilər. Çünki bura Azərbaycanın ən böyük sığınacağıdır”.
Fatimə Məmmədova
13:17 13.04.2026
Oxunuş sayı: 476