Mina təhlükəsi və Böyük qayıdış - proses nə qədər təhlükəsizdir?
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri regionun sosial-iqtisadi dirçəlişi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, uzun illər ərzində həmin ərazilərdə basdırılmış minalar ciddi təhlükə mənbəyi olaraq qalır və bu, həm insanların təhlükəsiz qayıdışını, həm də infrastruktur layihələrinin sürətli icrasını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu problemlərin aradan qaldırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir, paralel olaraq keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edir.
Bununla belə, mina təhlükəsi hələ də aktual olaraq qalır və azad edilmiş ərazilərdə aparılan bərpa prosesinin əsas maneələrindən biri kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Crossmedia.az-la öz fikirlərini bölüşüb:

Möhtərəm Cənab Prezident İlham Əliyevin mina təhlükəsi ilə bağlı səsləndirdiyi fikirlər bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesinin qarşısında duran ən ciddi maneədir.
Minalar insanların həyatına birbaşa təhlükə yaradır, infrastruktur layihələrinin icrasını ləngidir, kənd təsərrüfatının bərpasını çətinləşdirir, Böyük Qayıdış prosesinin sürətinə mənfi təsir göstərir.
Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin tam və dəqiq təqdim olunmaması vəziyyəti daha da ağırlaşdırır. Bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu problemi aradan qaldırmaq üçün bütün zəruri tədbirləri həyata keçirir. Minatəmizləmə işlərinin sürətləndirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq bu istiqamətdə atılan mühüm addımlardandır.
Mina təhlükəsi ilə mübarizə bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətində olmalı məsələdir. Bu məsələ insan həyatına qarşı yönəlmiş davamlı təhlükədir.
Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərinin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün mina probleminin tam həlli əsas şərtdir. Sözügedən istiqamətdə görülən işlər Azərbaycanın güclü siyasi iradəsinin və dövlətçilik mövqeyinin bariz nümunəsidir".
Elmir Heydərli
12:49 11.04.2026
Oxunuş sayı: 60