Əcnəbilərlə nikahlar niyə azalır? – səbəblər və reallıqlar
Cari ilin ilk rübündə Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayında azalma qeydə alınıb: ötən ilin eyni dövründə 483 belə nikah rəsmiləşdirildiyi halda, bu il bu göstərici 383-ə enib.
Bu statistika cəmiyyətdə müxtəlif suallar doğurur: azalma sosial stereotiplər və ictimai basqı ilə bağlıdır, yoxsa bunun arxasında miqrasiya axınlarının zəifləməsi, iqtisadi qeyri-müəyyənlik, viza və hüquqi prosedurların çətinləşməsi kimi daha geniş amillər dayanır?
Mövzunun həm sosial-psixoloji, həm də demoqrafik tərəfdən təhlili bu tendensiyanın səbəblərini anlamaq baxımından xüsusi maraq doğurur.
Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlama verib:

"Bu tendensiyanı təkcə cəmiyyətin basqısı ilə izah etmək düzgün olmaz, amma bu amilin müəyyən təsiri var. Xüsusilə, ənənəvi düşüncənin güclü olduğu ailələrdə “öz millətindən evlənmək” yanaşması hələ də üstünlük təşkil edir və bu, qərarlara təsir edir.
Digər tərəfdən, daha əsas səbəblər praktik xarakter daşıyır. Son dövrlərdə iqtisadi qeyri-müəyyənlik artıb, insanlar daha riskli qərarlardan çəkinir. Xarici vətəndaşla evlilik isə bir çoxları üçün əlavə məsuliyyət və hüquqi-prosedur çətinlikləri deməkdir".
Sosioloq əlavə edib ki, eyni zamanda, cəmiyyətdə təhlükəsizlik və sabitlik ehtiyacı artıb:
"İnsanlar daha çox tanıdıqları, sosial və mədəni baxımdan yaxın mühitdə ailə qurmağa üstünlük verirlər. Qısaca desək, burada həm sosial stereotiplər, həm də iqtisadi və psixoloji amillər birlikdə rol oynayır. Əsas səbəb isə insanların daha ehtiyatlı və realist davranmağa başlamasıdır".
Ayhan
10:30 11.04.2026
Oxunuş sayı: 1252