Humanitar əməkdaşlıq Bakı-Kiyev əlaqələrini necə gücləndirir?
Bakı ilə Kiyev arasında münasibətlər bu gün siyasi, humanitar və diplomatik baxımdan sabit və qarşılıqlı dəstəyə əsaslanan müsbət xətt üzrə inkişaf edir.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna isə Azərbaycanın suverenlik məsələlərində prinsipial mövqeyini anlayışla qarşılayır.
Son dövrlərdə humanitar əməkdaşlığın genişləndirilməsi, regionlararası tərəfdaşlığın dərinləşdirilməsi və birgə sosial layihələrin artırılması bu münasibətlərin praktik müstəvidə gücləndiyini göstərir.
Xüsusilə, Bakıda ukraynalı uşaqların reabilitasiyası proqramlarının genişləndirilməsi və şəhərlərarası əməkdaşlıq təşəbbüsləri əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:

"Ukrayna-Azərbaycan münasibətləri çox köklü tarixi olan münasibətlərdir və həmişə müsbət dinamika və səmimiyyət ilə fərqlənib. Ukrayna Azərbaycan ərazi bütövlüyünü həmişə dəstəkləyib və bütün xalq tədbirlərində bunu nümayiş etdirib.
Bu gün də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan Prezidenti bu mövqeyi açıq şəkildə bəyan edir. Azərbaycanın xarici siyasət kursu beynəlxalq müstəvidə sülh, sabitlik və sosial ədalət ideyalarını dəstəkləyir. Azərbaycan adına daha çox qlobal və regional humanitar çağırışlara operativ cavab verən əsas ölkə kimi tez-tez rast gəlirik.
Eyni zamanda, bu gün yaranmış müharibə vəziyyətində Ukraynanın böyük humanitar yardıma və enerji daşıyıcılarına ehtiyacı var. Azərbaycan da bu istiqamətdə Ukraynaya daima humanitar yardım göstərir.
Ukrayna müharibəsi zamanı Azərbaycan mülki infrastrukturun bərpasına yönəlik generatorlar, kabel sistemləri, transformatorlar və digər avadanlıqlar göndərib.
Düşünürəm ki, bütün bunlar önümüzdəki mərhələdə Ukrayna-Azərbaycan münasibətlərinin daha da dərinləşməsini və çoxşaxəli şəkildə inkişaf etməsini zəruri edir.
Bütün bunlar iki dost xalqın bundan sonra münasibətlərini daha da dərinləşdirməsi və inkişaf etdirməsi üçün zəruri şərtləri yaradır. Bu qarşılıqlı əlaqə sayəsində Ukrayna-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və daha da dərinləşəcək".
Ayhan
16:59 10.04.2026
Oxunuş sayı: 64