Azərbaycan və Qazaxıstan arasında çoxşaxəli hərbi əməkdaşlıq mexanizmləri formalaşıb-Hərbi ekspert
Müasir dövrdə dövlətlərin təhlükəsizliyinin təmin olunmasında beynəlxalq hərbi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sahəsində əlaqələrin inkişafı regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. İki ölkənin Müdafiə Nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilən səfərlər, görüşlər və təcrübə mübadiləsi bu tərəfdaşlığın praktik müstəvidə daha da dərinləşdirilməsinə şərait yaradır. Bu cür əməkdaşlıq hərbi, hərbi-texniki, hərbi təhsil və kibertəhlükəsizlik sahələrində bilik və təcrübə mübadiləsini genişləndirərək orduların inkişafına mühüm töhfə verir.

Bu barədə Crossmedia.az-a danışan Ədalət Verdiyev bildirib ki, Azərbaycanla Qazaxıstan hazırda strateji tərəfdaş ölkələrdir: "İki dövlət arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və kibertəhlükəsizlik sahələrində genişmiqyaslı əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın inkişafı istiqamətində mütəmadi olaraq mühüm addımlar atılır. Son illər ərzində həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli strateji tərəfdaşlıq formatında ölkələrin müdafiə qurumları arasında çoxşaxəli əməkdaşlıq mexanizmləri formalaşıb. Artıq əməkdaşlıq təkcə nazirlik səviyyəsi ilə məhdudlaşmır, eyni zamanda baş idarələr, tabeli qurumlar, hərbi təhsil müəssisələri və liseylər səviyyəsində də geniş vüsət alıb. Regionda mövcud təhlükəsizlik şəraiti və davam edən münaqişə riskləri fonunda bu cür əməkdaşlığın əhəmiyyəti daha da artır. Azərbaycan son illərdə əldə etdiyi təcrübə ilə regionda fərqli bir mövqe sərgiləyir və bu baxımdan qarşılıqlı təcrübə mübadiləsi Qazaxıstan üçün də xüsusi maraq doğurur. Eyni zamanda Qazaxıstanın digər ölkələrlə, o cümlədən Çinlə hərbi-texniki sahədə əməkdaşlıq təcrübəsi Azərbaycan üçün də faydalı ola biləcək məqamlar yaradır. Bu qarşılıqlı mübadilə orduların peşəkarlıq səviyyəsinin artırılması, yeni hərbi tədris və döyüş hazırlığı metodlarının tətbiqi baxımından mühüm imkanlar açır".
Ekspert əlavə edib ki, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi iki ölkə arasında strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir və gələcəkdə bu istiqamətdə daha dərin inteqrasiyanın formalaşmasına şərait yaradır.
Mehriban Yariyeva
19:03 10.04.2026
Oxunuş sayı: 59