Azərbaycan regionda hərbi eskalasiyanın deyil, dayanıqlı sülhün tərəfdarıdır-RƏY
Azərbaycan və İran arasında diplomatik əlaqələr regionun sabitliyi və təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Baş vermiş hadisələr fonunda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı həyata keçirilmişdir. Danışıqlar zamanı tərəflər regiondakı mövcud təhlükəsizlik vəziyyətini, elan olunmuş atəşkəsi və onun qorunmasının əhəmiyyətini müzakirə ediblər. Eyni zamanda, atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə Pakistanın rolu vurğulanmış və diplomatik yollarla vəziyyətin həllinin vacibliyi önə çəkilmişdir. Bu telefon danışığı, həmçinin iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə də zəmin yaratmışdır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, ABŞ, İsrail və İran gərginliyi uzun müddətdir mövcud idi və istər birinci hərbi eskalasiya dövründə, ötən ilin iyun ayında 12 günlük müharibə zamanı, istərsə də bu il fevralın 28-də başlamış və təxminən 40 günə yaxın müddət ərzində davam edən ikinci hərbi eskalasiya dövründə Azərbaycan mütəmadi olaraq öz mövqeyini ifadə etmişdi.
Deputat qeyd edib: "Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev mütəmadi olaraq dövlətimizin mövqeyini ifadə etmiş və bildirmişdi ki, biz regionda dayanıqlı sülh və sabitliyin tərəfdarıyıq. Eyni zamanda, bundan əvvəlki dövrlər üçün də hər zaman aktual olan bir məsələ xüsusi olaraq Azərbaycan dövlətinin mövqeyi olaraq vurğulanırdı ki, Azərbaycan heç bir halda əvvəllər olduğu kimi də öz ərazisindən İrana qarşı, hər hansı üçüncü dövlətin istifadə etməsinə imkan verməyəcək və Azərbaycan üzərindən İrana hər hansı bir formatda müdaxilə cəhdləri mümkünsüz olacaq".
A. Əlizadə əlavə edib: "Biz sözdə deyil, əməldə də bu mövqeyimizi ifadə etdik. Təsüflər olsun ki, ikinci hərbi eskalasiya dövründə, martın 5-də Azərbaycan ərazisində dron hücumu oldu, Naxçıvan ərazisində Naxçıvan aeroportu da vuruldu. Amma bir-iki günlük gərginlik nəhayət etibarilə dövlət rəhbərlərinin telefon danışığı ilə aradan qaldırıldı. İran prezidenti bir qədər gec də olsa telefon zəngi açdı və bunun bir yanlışlıq olduğunu ifadə etdi".
Deputat qeyd edib ki, Azərbaycan həmişə konfliktin dinc yolla həllinin tərəfdarı olub: "Yadımdadır ki, 28 fevral müharibəsindən əvvəl Azərbaycan prezidenti İran prezidentinə telefon açıb məsələni müzakirə etmişdi. Eyni zamanda digər tərəflərə də öz mövqeyini bildirmişdi. Tərəflər arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu da bəyan etmişdi. Amma hərbi məsələlər hərbi eskalasiya müstəvisinə keçdi və bu da bölgədə ciddi gərginliklərə səbəb oldu. Təbii ki, biz qonşu ölkədə belə hərbi eskalasiya olmasında maraqlı deyilik. Bu, bütövlükdə region üçün böyük təhlükədir və regionda dayanıqlı sülh və sabitliyə nail olunmasına ciddi maneələrdən biridir. Ona görə də hər zaman dövlətimizin bu məsələ ilə bağlı xüsusi mövqeyi olmuşdur. Müvəqqəti atəşkəs elan olunandan dərhal sonra Azərbaycan Prezidenti Cənab İlham Əliyev İran Prezidenti ilə telefon danışığı etdi. Ardınca Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarıƏraqçı ilə telefon danışığı etdi və telefon danışığından Azərbaycanın mövqeyi növbəti dəfə ifadə olundu. Eyni zamanda atəşkəsin dayanıqlı olmasının vacibliyi ilə bağlı mövqe sərgiləndi. Konfliktin danışıqlar yolu ilə həllinin daha doğru variant olması ilə bağlı Azərbaycanın mövqeyi növbəti dəfə ifadə olundu. Azərbaycan öz mövqeyini ifadə etməklə bölgədə dayanıqlı sülhə nail olmaq istiqamətində yardımçı ola biləcəyini və lazım olarsa addımlar atıla biləcəyini də diqqətə çatdırmış oldu. Təbii ki, bu atəşkəs ümumiyyətlə müharibənin hərbi eskalasiyasının dayandırılması və uzun müddətli danışıqlar vasitəsilə tərəflər arasında müəyyən məsələlərin uzlaşmasına nail olunması baxımından region üçün olduqca əhəmiyyətlidir. Regionda həyata keçirilməsi nəzərdə tutulan layihələrin reallaşmasına maneələrin aradan qaldırılması deməkdir. Bu baxımdan, dövlət və milli maraqlarımıza uyğundur ki, gərginlik azalsın, hərbi eskalasiya tam aradan qaldırılsın və ziddiyyətli məqamlar da danışıqlar yolu ilə diplomatik müstəvidə həll olunsun".
Mehriban Yariyeva
18:30 10.04.2026
Oxunuş sayı: 50