INGLA International ETC rəhbərliyi ilə Özbəkistan Dil Komissiyasının sədri, Özbəkistan Dili və Ədəbiyyatı Universitetinin prorektoru arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, INGLA İnternational Education and Training Centre rəhbərliyi ilə Özbəkistan Dil Komissiyasının sədri, Özbəkistan Dili və Ədəbiyyatı Universitetinin prorektoru İnomcon Əzimov arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin perspektivləri geniş müzakirə olunub. Görüş çərçivəsində Azərbaycan və özbək dillərinin oxşarlığı, ortaq dil və mədəni irsin qorunması, eləcə də bu istiqamətdə birgə təşəbbüslərin artırılması məsələləri xüsusi diqqət mərkəzində olub.
Tərəflər təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq tələbə mübadiləsi proqramlarının artırılması, ortaq akademik layihələrin hazırlanması və dəyərləndirilməsi imkanlarını dəyərləndiriblər. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında dil yaxınlığı bu əməkdaşlığın daha səmərəli və davamlı olmasına əlverişli zəmin yaradır.
Görüş zamanı həmçinin gələcək birgə layihələr, elmi-tədqiqat istiqamətləri və tələbə gənclər arasında əlaqələrin gücləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb. Tərəflər belə təşəbbüslərin yalnız iki ölkə arasında deyil, bütövlükdə türk dünyasında inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verəcəyini bildiriblər.
Elmir Heydərli