“Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə başlanılır
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə başlanılır.
BDU-dan Crossmedia.az-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir. Layihə çərçivəsində tələbələrə onun publisistik yaradıcılığı, redaksiya fəaliyyəti və milli mətbuatın inkişafına verdiyi töhfələr haqqında dolğun məlumat çatdırılacaq, jurnalistikanın peşə etikası və milli dəyərlər kontekstində formalaşmasının əhəmiyyəti izah olunacaq.
Aprelin 9-u layihənin açılış tədbiri keçiriləcək.
17:47 08.04.2026
Oxunuş sayı: 57