“Yüksəliş” müsabiqəsinin qalibləri nazir Anar Əliyevlə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə Mentorluq Proqramını uğurla başa çatdıran dördüncü “Yüksəliş” müsabiqəsi qalibləri Nicat Qocayev, Eyyub Fətəliyev və növbəti 1 il ərzində həmin proqrama cəlb ediləcək beşinci “Yüksəliş” müsabiqəsi qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, o, “Yüksəliş” müsabiqəsinin ölkəmizdə yüksək intellektual səviyyəyə, idarəçilik keyfiyyətlərinə malik perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsində, Kadr Bankının yaradılmasında mühüm rolunu vurğulayıb, müsabiqə qaliblərinin bilik və təcrübə imkanlarını artırmaları üçün zəruri şərait yaradıldığını, Mentorluq Proqramı çərçivəsində aparılmış işləri diqqətə çatdırıb.
Nicat Qocayev, Eyyub Fətəliyev onların bilik və təcrübələrinin artırılması üçün onlara yaradılan şəraitdən, potensiallarının inkişaf etdirilməsinə göstərilən dəstəkdən razılıqlarını bildiriblər. Müsabiqə qaliblərinin Mentorluq Proqramı üzrə fəaliyyət planlarının icrasında əldə etdikləri uğurlardan və gələcək hədəflərindən bəhs olunub.
Nazir beşinci “Yüksəliş” müsabiqəsi qaliblərinin bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün Mentorluq Proqramı üzrə müvafiq işlərin davam etdiriləcəyini qeyd edib, onlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mentorluq proqramını uğurla başa vuran qaliblərə nazir tərəfindən tövsiyə məktubu təqdim edilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 2025-ci il dekabrın 10-da Sərəncam imzalayıb.
15:50 08.04.2026
Oxunuş sayı: 60