Paytaxtın gələcəyi - Bakı köçürülməli, yoxsa yüngülləşdirilməlidir?
Paytaxtın yerləşdiyi məkan təkcə inzibati seçim deyil, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas amillərdən biridir. Son onilliklərdə Bakı sürətli urbanizasiya və əhali artımı fonunda ciddi infrastruktur, ekoloji və sosial təzyiqlərlə üz-üzə qalıb. Bu proseslər nəticəsində şəhərin daşıma qabiliyyəti getdikcə zəifləyir, mövcud problemlər isə epizodik tədbirlərlə deyil, sistemli yanaşma ilə həll olunmalı səviyyəyə çatır.
Məsələyə yalnız lokal çətinliklər prizmasından deyil, strateji perspektivdən yanaşmaq zəruridir. Paytaxtın alternativ məkana köçürülməsi ideyası artıq bir sıra ölkələrin təcrübəsində özünü doğrultmuş addım kimi diqqət çəkir.
Bu baxımdan, mövcud reallıqları nəzərə alaraq, qərarların emosional deyil, rasional əsaslarla verilməsi və uzunmüddətli dövlət maraqlarına xidmət edən yanaşmanın formalaşdırılması artıq qaçılmaz görünür.
Məsələ ilə bağlı Coğrafiyaşünas alim Nəriman Paşayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bakı artıq paytaxt kimi özünü tam təsdiqləyib. Sadəcə Bakıda, hətta prezidentin dediyi kimi, rəsmi qeydiyyata alınmış əhali sayı 3 milyona qədərdir. Əslində isə bugün Bakıda əhali sayı 4 milyondan çoxdur. 500.000 qeydiyyatsız ev var.

Bəzən göstərirlər ki, qeydiyyatsız evlər cinayətkar əməllər üçün istifadə olunur. Amma bu evləri verənlər özü cinayətkardır. İndiki zamanda qanunsuz ev demək olar ki, yoxdur. Ona görə də, əhalinin çoxluğu bu cür hadisələrə o qədər də təsir etmir.
Bu məsələnin izahı isə daha genişdir. Dünyada baş verən hadisələr – məsələn, müharibələr – təbii proseslərə təsir göstərir. Buludlara təsir edən raketlər nəticəsində bəlkə də dolu buludları yağış buluduna çevirir. Buna görə də, dünyanın bir çox ölkəsində güclü leysan yağışlar və daşqınlar baş verir.
Paytaxtın köçürülməsi məsələsinə gəlincə, mənim fikrimcə, paytaxtı tamamilə köçürmək lazım deyil. Sadəcə, onu yüngülləşdirmək lazımdır. Mexanizmlər tətbiq olunmalıdır: ali məktəbləri regionlara, zavodları və fabrikləri hər rayona yaymaq lazımdır.
Bakı faktiki olaraq böyük şəhərdir. Qalan şəhərlər isə öz imkanlarını istifadə etməli idi. Məsələn, Lənkəran artıq kəndə çevrilib; orda əhali qalmayıb. Əgər digər mərkəzi şəhərlər funksiyalarını yerinə yetirsəydi, Naxçıvan, Gəncə, Qazax və Lənkərandan Bakıya əhali axını olmazdı.
Mərkəzi şəhərlər öz funksiyasını itirib və əhalini cəlb edə bilmir. Əgər onlar funksional olsaydı, Bakı bu cür böyüməzdi. Bakıda isə həddindən çox sıxlıq, ekoloji problemlər və sənaye mərkəzləşməsi var – bütün sənayenin 70%-i buradadır.
Bu vəziyyət düzgün deyil. Ona görə də, paytaxtı tamamilə köçürmək düzgün olmaz. Əksinə, bütün rayonlarda stabilliyi təmin etmək lazımdır ki, əhali Bakıya köçməsin".
Elmir Heydərli
13:05 08.04.2026
Oxunuş sayı: 1186