Qanunsuz tikinti və məsuliyyətsizlik - Kim cavabdehdir?
Paytaxtın müxtəlif ərazilərində qanunsuz və təhlükəli zonalarda aparılan tikinti işləri vaxtaşırı gündəmə gəlsə də, bu problem hələ də sistemli şəkildə həllini tapmayıb. Keşlədə kollektor üzərində inşa edilmiş evin təhlükəsizlik məqsədilə sökülməsi də bu məsələnin yalnız görünən tərəfinə müdaxilə edildiyini göstərir.
Belə hallarda nəticə aradan qaldırılsa da, səbəblər və məsuliyyət məsələsi açıq qalır. Sual isə dəyişməz olaraq qalır: bu cür tikililərin yaranmasına kim və necə şərait yaradır?
Vətəndaşın illərlə qurduğu ev bir anda sökülür və ona ciddi maddi-mənəvi zərər dəyirsə, bu prosesdə yalnız tikinti aparan şəxsin deyil, həm də nəzarət etməli olan qurumların məsuliyyəti mütləq şəkildə araşdırılmalıdır.
Əks halda, nəzarət mexanizmlərindəki boşluqlar aradan qaldırılmadıqca, oxşar problemlərin təkrarlanması qaçılmaz olacaq.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, yeraltı kommunikasiyaların üzərində tikilən yaşayış evləri ciddi risk daşıyan və qanunvericiliklə xüsusi qaydada tənzimlənən məsələlərdəndir.
Yeraltı kommunikasiyalar dedikdə, əsasən magistral xətlər, sənaye kollektorları, eləcə də təbii qazın ötürülməsi üçün nəzərdə tutulan infrastruktur nəzərdə tutulur. Bu obyektlərin hər biri üçün sanitariya və mühafizə zonaları müəyyən edilmiş, eyni zamanda qanunvericilikdə konkret məsafə normaları təsbit olunmuşdur.
Bura həmçinin yüksək gərginlikli elektrik xətləri, dəmir yolu xətləri və digər strateji infrastruktur obyektləri də daxildir. Belə ərazilərin yaxınlığında və ya üzərində aparılan tikintilər müvafiq hüquqi normalarla tənzimlənməli və ciddi nəzarətdə saxlanılmalıdır.
Bu kimi ərazilərdə artıq tikilmiş evlərlə bağlı məsuliyyət, ilk növbədə, həmin torpaq sahələrini satışa çıxaran və ya bu ərazilərə sənəd verən müvafiq icra və ya hüquqi qurumların üzərinə düşür.
Bununla yanaşı, belə zonalarda baş verə biləcək hər hansı qəza və ya fövqəladə hadisə zamanı məsuliyyət müəyyən mənada vətəndaşların üzərinə də düşə bilər.
Çünki torpaq sahəsi əldə edilərkən onun yerləşdiyi ərazi, xüsusilə də, yeraltı kommunikasiya xətlərinin mövcudluğu diqqətlə araşdırılmalıdır.
Vətəndaşlar torpaq alarkən həmin ərazidə yüksək gərginlikli xətlərin, dəmir yollarının olub-olmamasını, eləcə də torpağın altından hansı kommunikasiya xətlərinin keçdiyini mütləq öyrənməlidirlər. Yalnız bu kimi amillər aydınlaşdırıldıqdan sonra müvafiq qərar verilməsi məqsədəuyğundur.
Nəticə etibarilə, belə halların yaranması həm müvafiq icra orqanlarının nəzarət mexanizmlərindəki boşluqlardan, həm də vətəndaşların kifayət qədər məlumatlandırılmamasından qaynaqlanır. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin gücləndirilməsi və hüquqi nəzarətin artırılması zəruri hesab olunur".
Elmir Heydərli
11:55 08.04.2026
Oxunuş sayı: 898