Füzulidə yaradılan üç min iş yeri regionun gələcəyini necə dəyişəcək?
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri artıq real sosial-iqtisadi nəticələr verməyə başlayıb.
Bu kontekstdə, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin açıqladığı kimi, Füzuli şəhərində 3000 yeni iş yerinin yaradılması təkcə məşğulluğun təmin edilməsi deyil, həm də bölgənin iqtisadi dirçəlişinin və davamlı inkişaf modelinin formalaşmasının mühüm göstəricisidir.
Uzun illər doğma torpaqlarından uzaqda yaşayan insanların geri qayıdışı fonunda bu cür addımlar xüsusi əhəmiyyət daşıyır. Yeni iş yerləri bir tərəfdən əhalinin sosial rifahını təmin etməyə xidmət edirsə, digər tərəfdən regionda iqtisadi aktivliyin artmasına, biznes mühitinin canlanmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına zəmin yaradır.
Bəs Füzulidə yaradılan bu iş yerlərinin perspektivi nədir? Bu proses davamlı olacaqmı və gələcəkdə daha da genişlənəcəkmi? Yeni məşğulluq imkanları əhalinin həyat səviyyəsinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanın Qarabağ bölgəsində, Şərqi Zəngəzur iqtisadi rayonunda, eyni zamanda qeyd olunan Füzuli şəhərində yaradılan yeni iş yerləri, təbii ki, ölkənin güclü iqtisadi potensialını artırır və məşğulluq probleminin həllinə çox ciddi töhfə verir.
Çünki məlumdur ki, vətəndaşların Qarabağa geri dönüşü, xüsusilə də, məşğulluq məsələsini ön plana çıxarır. Uzun illər öz torpaqlarından kənarda yaşamış insanların bir nömrəli problemi məhz iş və məşğulluq məsələsidir.
Bu baxımdan, Füzuli şəhərində yaradılacaq yeni iş yerləri həm yerli sakinlərin məşğulluğunun təmin edilməsi, həm də iqtisadi fəaliyyətin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Konkret olaraq Füzuli şəhərindən danışsaq, işğaldan əvvəl bu rayon güclü iqtisadi və turizm potensialına malik idi. Füzuli şəhəri o dövrdə mühüm rol oynayırdı və eyni zamanda Qarabağın açarı hesab olunurdu. Coğrafi baxımdan Qarabağa giriş qapısında yerləşməsi onun strateji əhəmiyyətini daha da artırırdı".
Deputat əlavə edib ki, bu səbəbdən baş verən proseslər, təbii ki, çox önəmli və müsbət hadisə kimi qiymətləndirilməlidir: "Ümumilikdə yalnız Füzulidə deyil, digər azad olunmuş ərazilərdə də insanların geri dönüşü iqtisadi fəaliyyətin artmasına, eləcə də turizm potensialının genişlənməsinə səbəb olur.
Çünki vətəndaşlar işlə təmin olunduqdan sonra bu, onların həmin ərazilərdə daimi məskunlaşmasına şərait yaradır.
Eyni zamanda, ölkə iqtisadiyyatına əlavə vergi daxilolmaları təmin olunur və ümumi iqtisadi canlanma baş verir. Bu baxımdan, Füzuli şəhərində yeni iş yerlərinin yaradılması həm də vətəndaşların geri qayıdışını stimullaşdıran mühüm amildir.
Hazırda on minlərlə insan artıq öz doğma torpaqlarına qayıdıb və Füzuli şəhəri də yenidən qurulur, bərpa olunur.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Füzuli mina problemi ilə ən çox üzləşmiş ərazilərdən biridir. Vaxtilə şəhər demək olar ki, tamamilə dağıdılmış, əraziyə on minlərlə mina basdırılmışdı. Məhz bu baxımdan da məşğulluq məsələsinə yanaşdıqda, Füzuli ilə bağlı bu cür xəbərlər ürəkaçan və olduqca müsbət hadisə kimi dəyərləndirilməlidir".
Ayhan
18:07 07.04.2026
Oxunuş sayı: 370