Rüşvətsiz səfərbərlik xidməti – bununla bağlı hansı işlər görülür?
2026-cı ilin I rübündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı geniş nəzarət tədbirləri həyata keçirilib.
Məlumatlara görə, əməkdaşların qeyri-qanuni hərəkətləri və rəhbər vəzifələrdən sui-istifadə halları ciddi şəkildə araşdırılıb və müvafiq intizam tədbirləri görülüb.
Hesabat dövründə 27 əməkdaş, o cümlədən 17 rəhbər heyət üzvü intizam tənbehi və təşkilati-ştat tədbirlərinə cəlb olunub, 1 nəfər mənfi əsaslarla ehtiyata buraxılıb.
Eyni zamanda, 16 fakt üzrə 34 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib, bu da xidmətin korrupsiyaya qarşı mübarizəyə ciddi yanaşdığını göstərir.
Məsələ ilə bağlı Ağ Partiyasının sədri Tural AbbasIı Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Hesab edirəm ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə yalnız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində deyil, ümumilikdə dövlətin bütün strukturlarında sistemli şəkildə aparılmalıdır.

Doğrudur, bu istiqamətdə fəaliyyət göstərən xüsusi qurumlar – komitələr, agentliklər və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi mövcuddur. Lakin hər bir dövlət qurumu öz daxilində nəzarət mexanizmlərini gücləndirsə, bu mübarizə daha effektiv və nəticəyönümlü olar.
Əgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daxili yoxlamalar nəticəsində əməkdaşlarının korrupsiya və ya rüşvət hallarına yol verdiyini müəyyən edərək bu faktları hüquq-mühafizə orqanlarına təqdim edirsə, bu, təqdirəlayiq və müsbət qiymətləndirilməli addımdır. Çünki ayrıca bir qurumun bütün dövlət strukturlarında eyni vaxtda dərin və hərtərəfli yoxlamalar aparması həm fiziki, həm də institusional baxımdan mümkün deyil.
Əgər hər bir qurum daxilində şəffaflıq təmin olunsa və korrupsiyaya qarşı real mübarizə aparılsa, zamanla ayrıca nəzarət qurumlarına olan ehtiyac da minimuma enə bilər. Ən önəmlisi isə bu mübarizənin səmimi və prinsipial şəkildə həyata keçirilməsidir. Cəmiyyət görməlidir ki, qanunsuz əməllərə yol verən şəxslər həm vəzifələrini itirir, həm də qanun qarşısında məsuliyyətə cəlb olunurlar.
Bu halda rüşvət və korrupsiya hallarının qarşısı əhəmiyyətli dərəcədə alınar. Əks təqdirdə, cəmiyyətdə “onsuz da cəzasız qalır” kimi yanlış düşüncə formalaşır və bu da neqativ halların artmasına zəmin yaradır.
Xüsusilə vurğulamaq istəyirəm ki, bu prosesdə ən mühüm amillərdən biri ədalətli məhkəmə sistemidir. Əgər hər hansı şəxs tanışlıq və ya qeyri-qanuni yollarla məsuliyyətdən yayınarsa, bu, pis presedent yaradır və digərləri üçün də stimul rolunu oynayır. Lakin cəmiyyət şahid olsa ki, hər kəs qanun qarşısında bərabərdir və hər kəs layiq olduğu cəzanı alır, bu zaman heç kim öz gələcəyini riskə ataraq korrupsiya və rüşvətxorluğa meyil göstərməz".
Məsələyə həmçinin hərbi ekspert Ədalət Verdiyev də öz münasibətini bildirib:
"2023-cü ildən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əhəmiyyətli və sistemli müsbət dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər çərçivəsində xidmət daxilində nöqsanlara yol verən əməkdaşlara qarşı daha sərt və prinsipial tədbirlərin görülməsinə başlanılmışdır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də qanun pozuntularına yol vermiş şəxslərlə bağlı materiallar toplanmış və artıq 34 nəfər barəsində materiallar Baş Prokurorluğa təqdim olunmuşdur.

Əvvəllər biz əsasən hüquq-mühafizə orqanlarının və ya digər dövlət qurumlarının bu sahədə baş verən neqativ hallara qarşı mübarizəsini müşahidə edirdiksə, artıq bu prosesdə Səfərbərlik Xidmətinin özünün daha fəal və təşəbbüskar mövqe nümayiş etdirdiyini görürük. Başqa sözlə, bu qurumun neqativ hallardan təmizlənməsində əsas maraqlı tərəf kimi məhz xidmət rəhbərliyi çıxış edir.
Eyni zamanda, vətəndaşların müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılması məqsədilə əvvəllər mövcud olmayan 9100 nömrəli Çağrı Mərkəzi yaradılmışdır. Çağırışa cəlb olunan vətəndaşlar, eləcə də onların valideynləri qarşılaşdıqları problemlərlə bağlı bu mərkəzə müraciət edərək şikayətlərini bildirə bilir və həmin müraciətlər obyektiv şəkildə araşdırılır.
Bir hərbçi olaraq qeyd etməliyəm ki, son illərdə bu sahədə baş verən müsbət dəyişiklikləri tam dəstəkləyirəm. Çünki əvvəlki dövrlərdə müşahidə olunan və valideyn, tibbi komissiya üzvü və səfərbərlik xidmətinin əməkdaşı arasında formalaşmış korrupsiya mexanizmi artıq aradan qaldırılmışdır.
Bununla yanaşı, çağırışçıların hərbi xidmətə yararlılığının müəyyənləşdirilməsi istiqamətində də mühüm irəliləyişlər əldə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Səfərbərlik Xidməti arasında şəffaf və effektiv yoxlama mexanizmi qurulmuşdur.
Bu isə nəticə etibarilə Azərbaycan Ordusuna sağlam, hərbi xidmətə tam yararlı və fiziki cəhətdən hazırlıqlı şəxslərin cəlb olunmasına mühüm töhfə vermişdir".
Elmir Heydərli
15:53 06.04.2026
Oxunuş sayı: 527